Press "Enter" to skip to content

“Yüzlərlə azərbaycanlı tələbə bizimlə əlaqə saxlayıb”

Dərnəkdə adi günlərdən biri

Son yeniləmə: 14 Sentyabr 2022 13:59

Cavid Aydın: Eskişehirdə yataqxana, yaxud kirayə ev üçün müraciət edən tələbələrin sayı kifayət qədər çoxdur

BAYRAQDAR MEDIA – “Bu il Eskişehir universitetlərinə qəbul olan azərbaycanlı tələbələrin sayı əvvəlki illərə nisbətən hardasa 150-200 nəfər artacaq. Hər halda bu günə kimi bizə müraciət edənlərin sayının çoxluğu belə deməyə əsasə verir. Yüzlərlə azərbaycanlı tələbə bizimlə əlaqə saxlayıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

Onun sözlərinə görə, müraciətlər davam edir: “Ötən illərin təcrübəsini nəzərə alsaq deyə bilərik ki, dərslərin başlanmasına bir neçə gün qalmış, hətta dərslər başlayandan sonra da bizə müraciət edənlər olacaq. Bundan başqa universitetlərdə boş qalmış yerlər üçün üçüncü qəbul prosesi də başa çatandan sonra real mənzərə tam adın olacaq. Amma dediyim kimi, təxminlərimizə görə bu il ötən illərə nisbətən ən azı əlavə 150-200 tələbə olacaq”.

C.Aydın qeyd edib ki, yataqxana, yaxud kirayə ev üçün bu il müraciət edənlərin sayı da kifayət qədər çoxdur: “Bu il yenə yer məsələsi aktuallığını qoruyur. Çünki kirayə ev tapmaq ən böyük problemdir. Təbii ki, qiymətlərin qalxması da insanları çox çətin vəziyyətə salıb. Keçən il, aylığı 2000, 2500, 3000 lirə olan ev kirayələri bu il 4000-4500 lirəyə qalxıb. Məsələn “1+1” dediyimiz kirayə evlərin aylığı keçən il 1000-1500 lirə arasında idisə, bu il 2500-3500 arası dəyişir. Yəni, belə baxanda kirayə ev qiymətlərində 2,5 dəfə qiymət artımı olub. Eyni artım apartlarda da olub”.

Bildirilib ki, Dərnək bu il də azərbaycanlı tələbələrin yanındadır: “İmkan daxilində kömək etməyə çalışırıq. Həm Anadolu, həm də Osmangazi Universiteti tərəfdə bir neçə apartla razılıq əldə etmişik. Tələbələri o apartlara yönəldirik ki, bu məsələdə problemlərin bir qismi həll olunsun. Bundan başqa kirayə ev tutmaq istəyənlərə də daha münasib qiymətə evin tapılmasında dəstək oluruq. Bu dəqiqəyə kimi 4-5 nəfərə ev tutmuşuq. Yəni biz müqavilə imzalayaraq onların bura gəlməzdən öncə kirayə ev problemini həll etmişik. Təbii ki, bu istiqamətdə fəaliyyətimiz davam edir”.

Dərnək sədrinin sözlərinə görə, burs məsələsində də yenilik var: “2021-ci ildə biz 7 nəfərə dərnək olaraq burs verirdik. Bir nəfərə də mən öz hesabıma burs verirdim. Yəni ümumilikdə 8 nəfərə burs verilirdi. Amma bu il böyük ehtimalla Dərnək vasitəçiliyi ilə 18 nəfərə burs veriləcək. Əlimizdən gəldiyi qədər yeni gələn tələbələrə də dəstək olamağa çalışacağıq”.

Qeyd olunub ki, bu il əvvəlki illərə nisbətən daha bacarıqlı gənclər tələbə adını qazanıb: “Hər halda ilk baxışdan belə deyə bilərik. Bu, onların dərnəklə dərhal əlaqə saxlamasında da özünü göstərir. Məsələn onların bir qismi Eskişehirə gəlmədən artıq bizimlə əlaqə yaradıblar. Əvvəlki illərdə isə birinci kurs tələbələri adətən bura gələndən sonra əlaqə saxlayardılar”.

Mission News Theme by Compete Themes.