Dr. Yücel Karauz: Hesab edirəm ki, son hadisədən öncə Qərbdəki bəzi dairələr Azərbaycan Ordusunun bölgədəki yerləşməsi ilə bağlı Ermənistana kəşfiyyat məlumatları verib
BAYRAQDAR MEDİA – “Bu təxribatın arxasında dayanan bir neçə əsas səbəb, yaxud da məqsəd var”.
Bunu Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatları ilə bağlı fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, birinci səbəb Ermənistanın sülh sazişinin imzalanmasını yubatmaq üçün vaxt qazanmaq istəyidir: “İkinci səbəb; Ermənistan bu cür təxribatlarla Azərbaycanı beynəlxalq aləmdə təkləmək, tək qoymaq, həmçinin beynəlxalq hüquq baxımından günahkar duruma salmaq istəyir. Bu təxribatlar eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda tez bir zamanda həyata keçiridiyi quruculuq-bərpa işlərinin qarşısının alınmasına hesablanıb”.
Y.Karauz deyib ki, başqa bir səbəb Ermənistanın daxilində mövcud olan gərginlik və qarşıdurma ilə bağlıdır: “Nikol Paşinyan rejimi bu cür təxribatlarla daxildəki gərginlikdən, iqtisadi problemlərdən diqqəti yayındırmaq, erməni xalqının qəzəbini başqa istiqamətə yönəltmək istəyir. Amma hadisələrdən dərhal sonra Ermənistanda xalqın etiraz aksiyasına başlaması N.Paşınyanın bu cəhdinin əks-effekt verdiyinə işarə edir. Bu təxribat Ermənistan daxilində olan anti-Paşinyan əhval-ruhiyyəsini daha da artırdı”.
Bildirilib ki, təxribatın bir məqsədi də Azərbaycan torpaqlarında, konkret olaraq Qarabağda yaşayan ermənilər üzərində psixoloji basqı yaratmaqdır: “Bəlli olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra cərəyan edən proseslər Qarabağda yaşayan ermənilərə də təsir etmişdi. Artıq sadə ermənilər Azərbaycan qanunlarına uyğun yaşamaq istədiklərinə dair fikirlər səsləndirirlər. Ermənistan hakimiyyəti isə bu cür təxribatlarla həmin ermənilərin də gözünü qorxutmaq istəyir”.
Nəhayət Ermənistan revanşist, qisasçı xislətindən əl çəkə bilmir: “Ermənistan tərəfi bu addımla Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərin qisasını almaq istəyir. Amma məlum olduğu kimi, bütün bu cəhdlər iflasa uğrayır”.
Türkiyəli general bildirib ki, bu məqsədlərə hesablanmış təxribatın arxasında həm də Ermənistana havadarlıq edən xarici güclər dayanır: “Özü də bu güclər hazırda Ermənistana hərtərəfli dəstək verirlər. Hesab edirəm ki, son hadisədən öncə Qərbdəki bəzi dairələr Azərbaycan Ordusunun bölgədəki yerləşməsi ilə bağlı Ermənistana kəşfiyyat məlumatları verib. Hər halda, Azərbaycan Ordusundakı itkilər də belə düşünməyə əsas verir”.
Bu təxribatın Vladimir Putinlə Recep Tayyip Erdoğan arasında Səmərqənddə keçiriləcək növbəti görüş ərəfəsinə təsadüf etməsinə, həmçinin təxribatın bir məqsədinin də Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək ola bilməsi ehtimalına gəlincə, Dr. Yücel Karauz deyib ki, bu məqamlar da diqqətdən yayınmamalıdır: “Buna görə son təxribatda Qərbin barmağının ola biləcəyini düşünürəm. Rusiya və Türkiyəni qarşı-qarşıya gətirməyə və bu iki ölkəni səhv etməyə məcbur etmək üçün Qərb Ermənistana belə bir təxribat sifarişi verə bilər. Lakin bu cəhdlər əbəsdir. Çünki artıq Türkiyə ilə Rusiya arasında qarşılıqlı inama əsaslanan münasibətlər mövcuddur. Belə təxribatlar iki ölkənin münasibətlərini poza bilməz. Hesab edirəm ki, hadisələrə soyuq başla, ağıllı şəkildə yanaşmaqla, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün qorunması əsas götürülməklə addımlar atılmalıdır”.