Press "Enter" to skip to content

Səmərqənddən gözləntilər

Hulusi Kılıç

Son yeniləmə: 14 Sentyabr 2022 10:37

Hulusi Kılıç: Ermənistanın son hərbi təxribatı iki dövlət başçısı arasındakı görüşdə əsas müzakirə mövzusu olacaq

BAYRAQDAR MEDİA – “2022-ci il avqustun 5-də Soçidə Vladimir Putin – Recep Tayyip Erdoğan zirvəsi keçirildi. Rusiya Prezidenti həmin vaxt Türkiyə Cümhurbaşqanını 15-16 sentyabr tarixində Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti iclasına dəvət etdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Rusiya taxılı və gübrəsi də dünya bazarına çıxa bilər

O, qeyd edib ki, Səmərqənd toplantısını maraqlı edən bir məqam da orada Türkiyə və Rusiya dövlət başçılarının yenidən bir araya gəlməsi olacaq: “R.T.Erdoğanla V.Putin arasında son vaxtlar bir neçə görüş keçirilib. Bu görüşlərin isə həm regional, həm də qlobal baxımdan mühüm əhəmiyyəti olub. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda məhz Türkiyə Cümhurbaşqanının uğurlu fəaliyyəti sayəsində bir sıra mühüm nəticələr əldə edilib. Bu baxımdan Səmərqənd görüşü də dünya tərəfindən maraqla izlənəcək”.

Müsahibimiz qeyd edib ki, bu görüşdə əsas müzakirə mövzularından biri taxıl məsələsi olacaq: “Ukrayna taxılının dünya bazarına ixracı məsələsi təbii ki, çox önəmlidir. Amma Rusiya taxılının və gübrəsinin də beynəlxalq bazara getməsi önəm kəsb edir. Bəlli olduğu kimi, dünyanın qida təhlükəsizliyi baxımından Qara dənizdə taxıl dəhlizinin açılmasında Türkiyə mühüm rol oynadı. Soçi tolantısında V.Putin Türkiyə Cümhurbaşqanına buna görə təşəkkür etdi”.

H.Kılıç hesab edir ki, Səmərqənd görüşündə Rusiya taxılının və gübrəsinin də dünya bazarına çıxarılması məsələsi müzakirə ediləcək: “Çünki dünyanın qida təhlükəsizliyinin təmini üçün Ukrayna taxılı yetərli deyil. Əslində, İstanbulda BMT Baş katibinin də iştirak etdiyi görüşdə bu məsələ də müzakirə edilmişdi. Heç şübhəsiz bu dəfə də bununla bağlı müəyyən fikir mübadiləsi aparılacaq”.

Suriyada Türkiyəyə qarşı terrordan qaynaqlanan bir təhlükə var

Səfir deyib ki, Səmərqənddə müzakirə olunacaq başqa bir məsələ isə Suriya ilə bağlı olacaq: “Suriyada Türkiyəyə qarşı terrordan qaynaqlanan bir təhlükə var. Buna görə də Türkiyə Suriyada terrorçulara qarşı hərbi əməliyyat keçirməkdə qərarlıdır. Ancaq bu məsələdə Rusiya ilə fikir birliyinin əldə edilməsi lazımdır. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Yəni bu əməliyyat sırf Türkiyənin təhlükəsizliyinə hədə törədən terrorçulara qarşı aparılacaq”.

Bildirilib ki, bundan başqa Liviya məsələsinin də müzakirə olunacağı gözləniləndir: “Liviyada BMT-nin tanıdığı milli hökumətin dəstəklənməsi məsələsi heç şübhəsiz Səmərqənd görüşündə də yenə gündəmə gələcək”.

Səmərqənd görüşünün baş mövzusu Ermənistan-Azərbaycan məsələsi olacaq

H.Kılıç deyib ki, Səmərqənd görüşünün baş mövzusunun Ermənistan-Azərbaycan məsələsi olacağı isə qaçılmazdır: “Xüsusilə də Ermənistanın son genişmiqyaslı hərbi təxribatından sonra bu məsələ daha da aktualdır. Çünki hər iki lider bir an öncə Güney Qafqazda sülhün əldə edilməsinin tərəfdarıdır. Lakin son baş verənlər də bir daha sübut etdi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək yolunu tutub və bu istiqamətdə müxtəlif təxribatlara əl atır. Ermənistanın son addımı ümumilikdə regionu təhlükə ilə baş-başa qoyur. Bu təxribatdan sonra Ermənistan hakimiyyətinin KTMT-yə müraciət etməsi, o cümlədən Türkiyədə başda Cümhurbaşqanı R.T.Erdoğan olmaqla bütün müvafiq qurumların rəhbərlərinin Azərbaycana dəstək ifadə etmələrini də nəzərə alsaq, Ermənistanın son hərbi təxribatının iki dövlət başçısı arasındakı görüşdə əsas müzakirə mövzusu olacağını deyə bilərik”.

Qeyd edilib ki, bu gün Qafqazda sabitlik hər iki dövlət üçün önəmlidir: “Lakin Ermənistan bu sülhün əldə edilməsinə mane olur. Onu da deyim ki, Prezident İlham Əliyevin də toplantıya dəvət edilməsi önəmlidir. Bu, Səmərqənddə səmərəli danışıqların aparılmasına yol açacaq. Ümumilikdə isə Səmərqənd görüşü region və dünya üçün önəm kəsb edir. Bu görüşdən çıxan nəticələr dünya üçün mühüm rol oynaya bilər”.

Bu gün Ermənistanın qarşısında iki yol var

“Mən Ermənistanın son hərbi təxribatı zamanı şəhid olan qəhrəman Azərbaycan övladlarına Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Dəfələrlə dediyim bir fikri yenə təkrar edirəm ki, Ermənistan düşdüyü girdabdan xilas olmaq istəyirsə ağlını başına toplamalı, Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmalı, işğalçı, terrorçu, revanşist addımlardan əl çəkməlidir. Əks halda Ermənistan hər dəfə daha sarsıdıcı, daha ölümcül zərbə alacaq. Necə ki, sentyabrın 12-13-də bir daha belə bir zərbə aldı. Bir sözlə, bu gün Ermənistanın qarşısında iki yol var: birinci yol Azərbaycan və Türkiyənin sülh, əməkdaşlıq təklifinə müsbət cavab verib, böhrandan çıxmaqdır; ikinci yol isə revanşist təfəkkürdən xilas ola bilməyib bir dövlət kimi məhv olmaqdır”, – deyə H.Kılıç sonda əlavə edib.

Mission News Theme by Compete Themes.