BAYRAQDAR MEDİA – Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan qurultayda iştirak etmək üçün nümayəndələrin qəbulunu davam etdirir. İndiyədək 70-dək təşkilat qurultayda iştirakını təsdiqləyib. Onlar eyni zamanda MŞ İdarə Heyətinə namizədlərinin adlarını da təqdim ediblər. Qurultay nümayəndələrinin və namizədlərin qəbulu prosesi 2022-ci il sentyabrın 20-də başa çatacaq.
Bu sözlər MŞ-dan BAYRAQDAR MEDİA-ya sentyabrın 14-də daxil olan xəbərdəndir.
Xəbərdə daha sonra deyilir: “TK MŞ İH-nin Azərbaycan jurnalistlərinin VIII qurultayının 2022-ci il sentyabr ayının 24-də keçirilməsi barədə 6 sentyabr 2022-ci il tarixli qərarını rəhbər tutaraq üzv təşkilatları nümayəndələrin və namizədlərin adlarının təqdim edilməsini tezləşdirməyə çağırır. Bununla bağlı müvafiq təlimat PressCouncil.az keçidində yer alıb. TK onu da bildirir ki, Şuranın saytında “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı ayrıca bölmə də yaradılıb ki, orada namizədlərin və nümayəndələrin verilməsi üçün anketlər yerləşdirilib”.
“Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə TK bir daha MŞ-na üzv təşkilatları qurultayla bağlı prosedurları tez bir zamanda yerinə yetirməyə çağırır. TK bildirir ki, prosesin nəzərdə tutulan vaxtda – 20 sentyabr 2022-ci il tarixdə yekunlaşması ali məclisin keçirilməsi ilə əlaqədar digər işlərin də icrasını təmin etmək baxımından vacibdir”, – deyə xəbərdə bildirilir.