BAYRAQDAR MEDİA – Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramovun Fransanın Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, nazir C.Bayramov həmkarına ətraflı məlumat verilib: “Nazir Ermənistanın postmünaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığı, sentyabrın 12-13-də növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğunu diqqətə çatdırıb. C.Bayramov, eyni zamanda, indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib”.
Məlumata əsasən, K.Kolonna bölgədə gərginliyə görə dərin narahatlıq keçirdiklərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin və problemlərin siyasi-diplomatik müstəvidə həll edilməsinin vacib olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.