BAYRAQDAR MEDİA – Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramovun Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, AB Komissiyasının vitse-prezidenti Cozef Borel ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış gərginlik müzakirə olunub: “Nazir Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu, bu təxribatların Ermənistan tərəfindən son aylarda davam edən provokasiyaların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb”.
Məlumata əsasən, telefon söhbəti zamanı ali nümayəndə Cozef Borel yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib: “Borel Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın sentyabrın 14-də bölgəyə səfər etmək niyyətini diqqətə çatdırıb”.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.