Son yeniləmə: 13 Sentyabr 2022 09:53
Yeganə Hacıyeva: Özü də bu təxribatla bağlı təkcə daxili deyil, xarici qüvvələri də səfərbər edib
BAYRAQDAR MEDİA – “Son təxribatla Ermənistan növbəti dəfə sülh sazişinin imzalanmasına qarşı olduğunu sərgilədi. Bu genişmiqyaslı təxribatdan dərhal sonra baş verənlər ondan xəbər verir ki, Ermənistan buna hərtərfli və uzun müddət ərzində hazırlaşıb. Özü də bu təxribatla bağlı təkcə daxili deyil, xarici qüvvələri də səfərbər edib”.
Bunu Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq qeyd edib ki, təxribatdan dərhal sonra xaricdəki erməni lobbisi və bəzi ermənipərəst beynəlxalq təşkilatların hərəkətlənməsi heç də təsadüfi deyil: “Hadisə barədə ilk məlumat gələn kimi Freedom House təşkilatının bəyanat verməsi, paralel olaraq erməni media şəbəkəsinin dezinformasiyalar yayması erməni tərəfinin öncədən buna hazırlaşdığından xəbər verir”.
Politoloq deyib ki, məsələyə digər tərəfdən də yanaşma sərgilnməlidir: “Söhbət bu genişmiqyaslı təxribatın hansı zamanda baş verməsindən gedir. Məsələ burasındadır ki, Brüssel görüşündən sonra sülh sazişinin mətninin hazırlanması üçün konkret vaxt qoyuldu. Lakin Brüsseldə bununla bağlı üzərinə öhdəlik götürən Ermənistan bunun ardınca belə genişmiqyaslı təxribat törətməklə məsələdən yayınmaq istəyir. Yəni Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün belə təxribata əl atdı. Eyni zamanda, bu təxribatın ABŞ Dövlət Departamentinin rəsmisinin Ermənistana gəlib-gedəndən sonra olması da təsadüfi deyil. Nəhayət, bütün bunlar Ermənistan rəsmilərinin Rusiya ilə müntəzəm danışıqlar apardığı bir vaxtda baş verir. Yəni zamanlama diqqətdən yayınmamalıdır”.
Y.Hacıyevanın sözlərinə görə, baş verənlərdə ABŞ-dakı erməni lobbisinin sifarişi də öz rolunu oynayıb: “Xatırladım ki, 2020-ci ildə 44 günlük müharibəyə səbəb olan iyul gərginliyinin sifarişi ABŞ-dakı erməni lobbisindən gəlmişdi. Dünənki təxribatın da sifarişi məhz ordan gəlib. Ermənistan bununla göstərmək istəyir ki, baş verənlər ABŞ-la razılaşdırılıb”.
O da bildirilib ki, Ermənistanın bu təxribatı təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Türkiyəyə qarşı da yönəlib: “O mənada ki, Ermənistanla Türkiyə arasında yaxınlaşma var idi. Danışıqlar gedirdi. Belə bir vaxtda bu təxribatı sifariş edənlər həmin danışıqların da pozulmasını hədəfləyiblər”.
Müdafiə Nazirliyindən Ermənistanla bağlı sərt açıqlama – VİDEO