Son yeniləmə: 12 Sentyabr 2022 15:13
Elazığda armud ağacı, Xaçmazda isə gəlinbarmağı payıza doğru çiçək açıb
BAYRAQDAR MEDİA – Dünya düzənində cərəyan edənlər təbiətə də öz mənfi təsirini göstərib. Belə demək mümkünsə, təbiətin də düzəni pozulub.
Məhz bunun nəticəsidir ki, yazda çiçək açıb bar verən ağaclar payız astanasında yenidən çiçək açıb. Özü də bununla bağlı bir yox, iki fakt qeydə alınıb.
Məlumat üçün bildirək ki, bu günlərdə Əməkdar jurnalist Azər Həsrətin ata ocağında, Xaçmazın Dədəli kəndində gəlinbarmağı ağacı çiçək açıb. Hansı ki, bu ağac yazda çiçək də açıb, bar da veribmiş.
Bu xəbərin təəccübündən ayılmamış isə oxşar bir hadisə qardaş Türkiyədə, Elazığda qeydə alınıb.
Məlumata əsasən, Elazığda armud ağacı üzərində meyvəsi olsa da, yenidən çiçəkləyib. Elazığın Palu ilçəsinin Gökdərə köyündə Sirac Polata məxsus bağda sentyabrda çiçək açan ağac görənləri heyrətə salıb.
Bu il xüsusilə isti hava ilə əlaqədar çiçəklərin açıla biləcəyini ifadə edən S.Polat, “Biz də bu vəziyyətə çox təəccübləndik. Çünki üzərindəki meyvələr hələ tam yetişməsə də, çiçək açması həqiqətən də bizi təəccübləndirdi. Mən bunu bu il havanın çox isti keçməsi ilə əlaqələndirirəm, amma ən doğrusunu Allah bilir” deyib.