Son yeniləmə: 12 Sentyabr 2022 11:49
BAYRAQDAR MEDİA – 1990-cı ildə Ağcabədi rayonu ərazisində yaradılan Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən hər il mütəmadi olaraq meliorativ tədbirlər davam edir. Suvarmaya yararlı sahələr 18 min 510 hektardır. Onun 12 min 600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 12-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
O, bildirib ki, rayon Qar-Qar çay və Kür çayları əhatəsində yerləşir: “Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir. Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır”.
Qeyd edilib ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında kollektor-dren şəbəkələri də mövcuddur: “İlkin suyığıcı kanallar 10 kilometrə yaxın, qapalı drenlər isə 10 kilometrdən uzundur. Ümumilikdə, rayon üzrə suvarma kanallarının uzunluğu 349 kilometrdir. Bunun 18,7 kilometri beton, 4 kilometri boru, 326 kilometri isə torpaq kanaldır. Suvarma kanalları üzərində 125 ədəd hidrotexniki qurğu, 89 ədəd suayrıcılar mövcuddur. Laçın Suvarma Sistemləri İdarəsinin balansında 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsi ilə 53 min 700 kubmetr su verməklə 33 min 190 hektar əkin sahəsinin suvarılması təmin edilib”.