Son yeniləmə: 12 Sentyabr 2022 15:35
Elxan Şahinoğlu: Vladimir Putinin bugünkü şərtlər daxilində Recep Tayyip Erdoğanın və Türkiyənin dəstəyinə böyük ehtiyacı var
BAYRAQDAR MEDİA – “Rusiya və Türkiyə prezidentləri son illərdə tez-tez görüşür və fikir mübadiləsi aparırlar. Mövzuları isə yuxarı-aşağı dəyişmir. Bunlar Suriya, iki ölkə arasında enerji əməkdaşlığı, ticarət məsələləri, Azərbaycanla Ermənistan arasında danışıqlar, bir də Ukrayna məsələsidir. Çünki məhz Recep Tayyip Erdoğanın vasitəçiliyi nəticəsində Rusiya ilə Ukrayna Türkiyə və BMT-nin iştirakı ilə taxıl anlaşması imzaladı”.
Bunu BAYRAQDAR MEDİA-ya Rusiya və Türkiyə dövlət başçılaırnın Ozbəkistanda gözlənilən görüşünə dair açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə Cümhurbaşqanı R.T.Erdoğan bu vasitəçiliyini genişləndirmək istəyir: “İstəyir ki, iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində daha ciddi addımlar atılsın. Amma Ukrayna ordusunun son əks hücumları hələ ki, buna imkan verməyəcək. Çünki Ukrayna torpaqlarını geri almağa çalışır və hazırda belə bir görüş bu ölkənin maraqlarına cavab vermir. Heç Rusiyanın özü də belə bir görüşə can atmır”.
Qeyd olunub ki, Özbəkistanda keçiriləcək növbəti görüşdə isə Rusiyanın da, Türkiyənin də maraqları var: “Rusiya çalışır ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olsun. Çünki V.Putin Qərbin sərt sanksiyaları ilə mübarizədə ətrafındakı çənbəri yarmağa çalışır ki, dostlarının sayı çox olsun. Ona görə də çalışır ki, bu təşkilatın üzvlərinin sayı artsın. Bu sırada potensial ölkə kimi Türkiyəni də görür. Türkiyə ilə bu istiqamətdə fikir mübadiləsi aparılacaq. Suriya məsələsi də müzakirə olunacaq. Türkiyə Suriyada terrorçulara qarşı əməliyyat aparmaq istəyir. Rusiya ilə bu barədə fikir mübadiləsi bir daha davam edəcək”.
Politoloq deyib ki, görüşdə Azərbaycan-Ermənistan danışıqları da müzakirə ediləcək: “Ən əsası, Qərbin sanksiyaları və təzyiqi müzakirə olunacaq. Çünki Qərb Rusiyaya qarşı sanksiyaları sərtləşdirir, həmçinin ABŞ-ın timsalında Türkiyəyə qarşı təzyiqlər artır. ABŞ-Türkiyə münasibətlərində soyuqlaşma var. Türkiyə Cümhurbaşqanı R.T.Erdoğan son açıqlamalarında da faktiki Qərbi ittiham edərək, məhz Qərbin addımlarına görə V.Putinin çıxılmaz durumda olduğunu vurğulamağa çalışıb. Yəni V.Putini sıxışdırdılar, o da məcbur qalıb Qərbə qaz ixracını dayandırdı. Qazdan söhbət düşmüşkən, R.T.Erdoğanın V.Putindən bir xahişi də bununla bağlı olacaq. R.T.Erdoğan çalışacaq ki, qış aylarında Rusiyadan aldığı qazın qiyməti də endirilsin. Mümkündür ki, V.Putin bu istəyə müsbət cavab versin. Çünki V.Putinin bugünkü şərtlər daxilində R.T.Erdoğanın və Türkiyənin dəstəyinə böyük ehtiyacı var”.