Son yeniləmə: 12 Sentyabr 2022 18:04
BAYRAQDAR MEDİA – “Güclərini Azərbaycan Kənd Qadınları Assosiasiyası İB-də birləşdirən kənd qadınları daha bir maraqlı ilkə imza atır. Sentyabrdan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycanda Pilot Qadın Kooperativlərinin yaradılması” layihəsinə başlanılıb. AKQA-nın sədri Gülbəniz Qənbərovanın fikrincə, layihə kənd qadınlarının biznesinin təşkilatlanması, onların resurslara və bazara çıxışını asanlaşdırmaqla daha çox gəlir əldə etmələrinə böyük dəstək olacaq. Bunun üçün qrupun hüquqi status alması önəmlidir. Layihə ölkədə ilk olaraq qadın qruplarının hüquqi qeydiyyatı olan kooperativlərə çevrilməsini maksimal şəkildə sürətləndirməyi planlayır.”
Bu sözlər AKQA-dan BAYRAQDAR MEDİA-ya sentyabrın 12-də verilən məlumatda öz əksini tapıb.
Məlumatda daha sonra deyilir: “7 yüksək potensiallı qadın inkişaf və müəssisə qrupu seçilib. Fatimə (Bərdə), Novruz, Aşıq Sənəm, Lalələr (Balakən), Yasəmən (Qax), Çinar və Nərgiz (Zaqatala) qrupları bu layihənin ilk faydalananları olacaq. Lakin AKQA onu da nəzərə alıb ki, indiyə qədər müxtəlif təşkilatlar tərəfindən kooperativlər yaradılsa da, onların böyük əksəriyyəti tezliklə fəaliyyətini dayandırıb. Bu sahədə olan təcrübələrdən geniş yararlanmaq üçün Balakən və Qax rayonlarında “Kooperativlər – ən yaxşı təcrübələr və öyrənilmiş dərslər” seminarı keçiriləcək. Daha sonra Balakən şəhərində 3, Qax şəhərində isə 4 qadın inkişaf və müəssisə qrupunun şəbəkə görüşləri təşkil ediləcək. Təlimlərdə hər qrupdan kooperativin qeydiyyatı zamanı təsisçi olmağa namizəd 5 nəfər iştirak edəcək. Təlimi uğurla bitirən qruplar bu ay Qaxda “Api Delta” Arıçılıq Kooperativinə təcrübə səfərinə gedəcək”.
“Layihənin effektiv olması üçün Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, kooperativlər və assosiasiyalar şöbəsi hər qrupla görüş keçirib, yerlərdə sahə qiymətləndirilməsi aparılıb. 3 ay davam edəcək layihənin sonunda kənd qadınları yeni yaranan qadın kooperativlərinin zirvə toplantısına toplaşacaqlar”, – deyə məlumatda bildirilir.