Son yeniləmə: 12 Sentyabr 2022 10:55
Dr. Yücel Karauz: Ermənistan dinc durmur, hər gün təxribatlar törədir və sülh sazişini imzalamaq niyyətində olmadığını sərgiləyir
BAYRAQDAR MEDİA – “Təəssüflər olsun ki, Qərbin ərköyün uşağı Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, verdiyi sözlərə əməl etmir. Ermənistan bununla zaman qazanmaq istəyir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində yaranan gərginliyi dəyərləndirən müsahibimiz qeyd edib ki, Ermənistanın burada iki məqsədi var: “Birincisi, sülh sazişinin imzalanmasını gecikdirməklə məsələni 2023-cü ilin sonuna qədər uzatmaqdır. Niyə 2023-cü ilin sonu, deyə, soruşsanız, cavabı budur ki, məqsəd Türkiyədəki seçkilərin nəticələrini gözləməkdir. Ermənistan ona ümid bağlayır ki, bu seçkilərdən sonra Recep Tayyip Erdoğan iqtidarı yerini başqa bir iqtidara verəcək və bu da prosesləri başqa axara yönəldəcək. İkincisi isə onunla bağlıdır ki, Ermənistan bu müddətdə ABŞ və Fransa da daxil beynəlxalq imperialist dövlətlərin Azərbaycana daha çox təzyiq etməsinə nail olmağı planlaşdırır”.
Türkiyəli general deyib ki, Ermənistanın nə istəməsindən aslı olmayaraq Azərbaycanın mövqeyi və qətiyyəti ortadadır: “Azərbaycan bu məsələnin birdəfəlik həllində qətiyyətli mövqe sərgiləyir. Azərbaycan 10 noyabr Bəyanatındakı bütün bəndlərin yerinə yetirilməsini Ermənistandan tələb edir və onu buna məcbur etməyə çalışır. Amma Ermənistanın xüsusilə də son addımları ondan xəbər verir ki, bu ölkə 10 noyabr Bəyanatına əməl etmək niyyətində deyil”.
Dr. Yücel Karauzun sözlərinə görə, belə olan təqdirdə bölgədə yeni qarşıdurmaların, böhranların və kiçikçaplı müharibələrin olması qaçılmaz olacaq: “Buna görə də Azərbaycan Silahlı Qüvvələri bir an belə itirmədən öz təlimlərini davam etdirməli, daha da güclənməlidirlər. Çünki düşmən dinc durmur, belə bir vəziyyətdə də Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmalıdır. Onu da deyim ki, sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə kemirilən xidməti müşavirədə də qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı müvafiq göstərişlər verilib. Müdafiə naziri şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair tapşırıqlar verib ki, bu da təbiidir. Çünki dediyim kimi, Ermənistan dinc durmur, hər gün təxribatalr törədir və sülh sazişini imzalamaq niyyətində olmadığını sərgiləyir. Belə olanda isə Azərbaycanın bir yolu qalır. Təxribatlar davam edəcəyi təqdirdə düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurmaq. Bir sözlə, yeni qarşıdurma olacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələri cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə yenə də öz sözünü deyəcək. Bundan heç kimsənin, o cümlədən Ermənistanın və onun xarici havadarlarının şübhəsi olmasın”.