Son yeniləmə: 12 Sentyabr 2022 13:08
Haluk Alıcık: Unutsaq qanımız qurusun
BAYRAQDAR MEDİA – “İmkansızlıq insanın zehnindədir və türk milliyyətçiləri üçün vətəndən söz düşəndə imkansız deyə bir şey yoxdur”.
Bunu qardaş Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Aydın il başqanı Haluk Alıcık 12 sentyabr 1980-ci il hərbi çevrilişinin 42-ci ildönümü münasibətilə yaydığı açıqlamada qeyd edib.
Məlumata əsasən, “qara sentyabr” kimi tanınan dövrdə türk millətçilərinin və ülküçülərinin şəhid edildiyini bildirən H.Alıcık daha sonra aşağıdakıları qeyd edib: “Türk milliyyətçiliyi heç bir şərtə söykənməyən vətən və millət sevgisinin mübarək bir təzahürüdür. “Tək millət, tək dövlət, tək bayraq, tək vətən və tək dil” idealımıza, sevgimizə uyğun şanlı mübarizəmiz sayəsində bu gün müstəqil Türkiyə Cümhuriyyəti ayaqdadır”.
O, qeyd edib ki, 12 sentyabr 1980-ci ildə ABŞ-ın qeyri-qanuni övladları tərəfindən həyata keçirilən çevriliş nəticəsində vətənpərvərlərin qismətinə “mükafat” olaraq C-5-lər, edamlar, sorğu-suallar, işgəncələr və iztirablar düşdü: “Türk millətçiləri ata bildiyi dövlətindən küsməmiş, günahı dövlətdə deyil, çevrilişin memarı və icraçılarında axtarmışdır. Haqsız yerə həbs olunduqları zindanları daş mədrəsələrə çevirmişdilər. Onlar gələcəyin böyük və güclü Türkiyəsini qurmaq üçün mübarizələrini burada davam etdirdilər”.
Açıqlamada məlum çevrilişdən sonra cərəyan edənlərə də işıq salınıb: “Ülküçülərin haqlı davasına sədaqətlərindən narahat olanlar, 29 aprel 1981-ci ildə hər səhifəsi çirkin böhtan və yalanlarla dolu 945 səhifəlik saxta ittihamnamə hazırlamış, başda Başbuğumuz Alparslan Türkeş olmaqla 587 şübhəlinin hakim önünə çıxarıldığı “MHP və Milliyyətçi Təşkilatlar” məhkəməsi belə başlamışdı. 220 mübarizə qardaşımızın edam olunmasının tələb edildiyi utanc verici məhkəmələrin mühakiməsi 5 il 11 ay 8 gün sonra 7 aprel 1987-ci ildə sona çatmış və Başbuğumuz Alparslan Türkeş 11 il 1 ay 10 gün müddətinə həbs cəzasına məhkum edilmişdi. Türk millətinin təmiz vicdanında hər zaman mübarək yer tutan Milliyyətçi Hərəkat 12 sentyabrda ölümlə sınağa çəkilmiş, insanlıqdan kənar rəftarla üzləşmişdi: “Məhkəmələr” nəticəsində Ahmet Kerse, Ali Bülent Orkan, Cengiz Baktemur, Cevdet Karakaş, Fikri Arıkan, Halil Esendağ, İsmət Şahin, Mustafa Pehlivanoğlu və Selçuk Duracık edam edilmiş, həmçinin bir çox ülküdaşımız müxtəlif cəzalara məhkum olunmuş, bəziləri isə məhkəmə prosesi davam edərkən həyatlarını itirmişdi”.
“Türk millətçiləri 12 sentyabrdan dərs almış, 15 iyul 2016-cı ildə yeni çevrilişə cəhd edənlərə lazımi cavabı vermişdi. Milliyyətçi Hərəkat Partiyası TBMM-in fəaliyyət göstərmədiyi dövrlərdə məsuliyyəti öz üzərinə götürmüş, demokratiyanın qarşısındakı tıxacları böyük ustalıqla və şövqlə açmağa nail olmuşdu”, – deyə daha sonra o, bildirilib.
O, qeyd edib ki, “Cümhur İttifaqı” ab-havasında formalaşan milli birlik və həmrəyliyimiz çevrilişçi zehniyyətin planlarını, çevriliş gözləntilərini bir daha tarixin dərinliklərinə gömmüşdür.
Açıqlamasında dünyasını dəyişən ülküçülərə rəhmət, qalanlara can sağlığı diləyən H.Alıcık “Nə 12 sentyabrı, nə də şəhid həmkarlarımızı unutmadıq. Unutsaq qanımız qurusun” deyib.
Məlumat üçün bildirək ki, bu hərbi çevriliş sentyabrın 12-də səhər “TRT” radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kenan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasından sonra başlayıb. “Bayraq hərəkatı” kimi tanınan hərbi çevriliş zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv olunaraq antidemokratik fəaliyyətlər davam etdirilib. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan bu çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.
Onu da qeyd edək ki, həmin vaxt çevrilişi törədənlər, o cümlədən Kenan Evren və ölkənin Hava Qüvvələrinin o zamankı komandanı Tahsin Şahinkaya haqqında ilk cinayət işi 2011-ci ildə Ankara Baş Prokurorluğu tərəfindən başlanıb. Hazırlanan iddianamənin Ankara Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2012-ci il yanvarın 10-da qəbul edilməsi ilə Türkiyə tarixində ilk dəfə dövlət çevrilişində təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.