Son yeniləmə: 10 Sentyabr 2022 10:17
BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində yaradılmış “Bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi” işçi qrupunun təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AERA) məlumat verilib.
Bildirilib ki, “Bərpaolunan enerji üzrə dəstək mexanizmləri” mövzusunda keçirilən onlayn seminara işçi qrupunun həmsədrləri – Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan, AERA-nın şöbə müdirinin müavini Cəbrayıl Əliyev və hər iki ölkənin aidiyyəti qurumlarından olan mütəxəssislər qatılıblar.
Görüşdə bərpaolunan enerji dəstək mexanizmi üzrə qanunvericilik, dəstək mexanizminin üsulları, bərpaolunan enerji mənbəyinə dair sertifikat sistemi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu 2021-ci il dekabrın 21-22-də Bakıda keçirilib.