Press "Enter" to skip to content

Xorvatiya səfəri də yaddaqalan olacaq

Son yeniləmə: 8 Sentyabr 2022 10:07

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Balkanlara səfəri davam edir. Səfər çərçivəsində R.T.Erdoğan sentyabrın 7-də axşam Xorvatiyaya gəlib.

Məlumata əsasən, Balkan turunun son dayanacağı olan Xorvatiyaya səfər də yaddaqalan olacaq. Cümhurbaşqanının səfərini yaddaqalan edən bir məqam isə Xorvatiyada TİKA-nın dəstəyi ilə tamamlanan Sisak məscidinin rəsmən istifadəyə verilməsi olacaq.

Məlumat üçün bildirək ki, Xorvatiyanın Sisak şəhərində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Xorvatiya İslam Birliyinin əməkdaşlığı ilə tamamlanan “Sisak İslam Mədəniyyət Mərkəzi” sentyabrın 8-də hər iki ölkənin rəsmilərinin iştirakı ilə açılacaq. Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Xorvatiyanın dövlət başçısı Zoran Milanoviç tərəfindən açılışı gözlənilən Sisak İslam Mədəniyyət Mərkəzi Zaqreb, Güncə və Riyeka şəhərlərindəki məscidlərdən sonra ölkənin dördüncü ən böyük məscidi və İslam mərkəzindən biri olacaq.

Balkan News xəbər verir ki, bu tikili bir məqamı ilə də seçilir: “Damda yerləşdirilmiş günəş panelləri və fotovoltaik sistemlərin köməyi ilə mərkəzdə elektrik enerjisi və istilik enerjisini özü təmin edəcək hava mənbəli istilik nasosları və enerjiyə qənaət edən LED lampalardan istifadə edilir. Bölgədə ilk ekoloji cəhətdən təmiz ibadət yeri olacaq binada uşaqların təhsil ala biləcəyi sinif otaqları, çoxməqsədli iclas zalı, restoran və məsciddə çalışan imamların qalmasını təmin edəcək sahələr də var. 2016-cı ilin noyabrında təməlqoyma mərasimi keçirilən məscidin tikintisinə 2017-ci ilin aprelində başlanıb”.

O da qeyd edilib ki, Sisak şəhərində 2011-ci ildə əhalisi 2 min 500-ə yaxın olan və hazırda 4 min 140-a yüksələn müsəlmanlar, mərkəzin tikintisi başa çatmamış İslam Birliyi tərəfindən kirayə götürülmüş evdə namaz qılırdılar.

Mission News Theme by Compete Themes.