Press "Enter" to skip to content

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu zəruridir

Vüqar Bayramov

Son yeniləmə: 8 Sentyabr 2022 10:29

Vüqar Bayramov: Siyasi islahatların dərinləşməsi müasir dövrün çağırışlarındandır

BAYRAQDAR MEDİA – “Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı müasir dövrün çağırışlarındandır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına bu islahatların tərkib hissəsi kimi baxmaq lazımdır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, yeni inkişaf hədəfləri kontekstində “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu zəruridir: “Nəzərə almaq lazımdır ki, mövcud “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi”.

Millət vəkili qeyd edib ki, layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub: “Qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib və bu ayın 28-də ilk ictimai dinləmə də təşkil ediləcək. Məhz bu prinsiplərin gözlənilməsi layihənin hazırlanması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaratmışdır”.

V.Bayramov deyib ki, artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib: “Bu da prosesdə siyasi inklüzivliyin yüksək olduğundan xəbər verir. Çox vacib məqamlardan biri də layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinin də nəzərə alınmasıdır. Layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsplərə uyğun olaraq hazırlanmasının göstəricisidir”.

Mission News Theme by Compete Themes.