Son yeniləmə: 8 Sentyabr 2022 14:39
“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək
BAYRAQDAR MEDİA – Azərbaycanın regionlarında yaşayanlar üçün daha bir imkan yaradılır. Hər halda sentyabrın 8-də imzalanan sənədi bu cür dəyərləndirmək olar.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi keçirilib. Sözügedən Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.
Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PMD Hospitality” MMC-nin İdarə heyətinin sədri Samir Qurbanov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.
Sənədin imzalanmasından öncə çıxış edən Ü.Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açıb. Diqqətə çatdırılıb ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədi ilə təsis edilən “ABAD” iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilib.
S.Qurbanov isə öncə “PMD Hospitality”nin fəaliyyəti barədə məlumat verib. O, həmçinin, “PMD Hospitality”nin idarəçiliyndə olan hotellərin geniş qonaqpərvərliyini nümayiş etdirməyə və “ABAD”çılara dəstək olub fərqli məhsullarını hotellərdə təqdim etməyə şirkətin hazır olduğunu vurğulayıb.
“ABAD”ın ötən 6 illik fəaliyyətinə qısa eksurs edən R.Elçiyev də imzalanacaq Sazişin əhəmiyyətli oldğunu deyib.
Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.
Sonra Sazişin imzalanma məraismi olub.
Məlumat üçün bildirək ki, Sazişə əsasən “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək. Yerli, ekoloji təmiz, ailə təsərrüfatlarının istehsalı olan məhsullarla təchizatın gücləndirilməsi üçün sözügedən obyektlərin yerləşdiyi ərazilərin yaxınlıqlarında “ABAD”çıların formalaşdırılmasına dəstək göstəriləcək.
“PMD Hospitality”nin portfelinə daxil olan hotellərdə “ABAD”çı sənətkarlar tərəfindən hazırlanmış suvenirlərdən, o cümlədən məişət və dekor məhsullarından istifadə ediləcək. Həmçinin qonaqların “ABAD”çı məhsulları ilə yaxından tanış olmaları və əldə edə bilmələri üçün həmin hotellərdə ABAD etno-butikləri fəaliyyət göstərəcək.