Press "Enter" to skip to content

Azərbaycan turizmin inkişafına böyük əhəmiyyət verir

Ceyhun Bayramov və Zurab Pololikaşvili

Son yeniləmə: 8 Sentyabr 2022 13:53

Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində sentyabrın 7-də Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, C.Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib: “Son illər ərzində Azərbaycanda turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdıran nazir Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğunu qeyd edib”.

Nazir, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm sahəsində imkanlar barədə qarşı tərəfə məlumat verib.

ÜTT-nin Baş katibi Z.Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycanın Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Mission News Theme by Compete Themes.