Press "Enter" to skip to content

Türkiyənin növbəti Balkan açılımı

Recep Tayyip Erdoğan

Son yeniləmə: 7 Sentyabr 2022 09:56

Recep Tayyip Erdoğanın bölgə ölkələrinə səfəri diqqətlə izlənilir

BAYRAQDAR MEDİA – Son illər öz nüfuzuna və həyata keçirdiyi uğurlu xarici siyasətinə görə qlobal aktorlardan birinə çevrilən qardaş Türkiyə bir daha Balkanlarda da öz sözünü deməkdədir. Xüsusilə də Bosniya və Herseqovinada ara-sıra gərginləşən siyasi münasibətlər fonunda Türkiyənin, necə deyərlər, ağsaqqal öyüdü öz işini görür.

Təbii ki, burada da Türkiyənin tərəflərə ədalətli yanaşma sərgiləməsi ilə yanaşı Cümhurbaşqanı Recep Tayyip Erdoğanın liderlik xüsusiyyətləri mühüm rol oynayır. Elə bir neçə gün öncə Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Milorad Dodikin dediyi sözlər də bunu bir daha təsdiqləyir.

Xatırladaq ki, o, açıqlamasında Türkiyə Cümhurbaşqanı R.T.Erdoğanın böyük dövlət xadimi olduğunu bildirib: “Erdoğan bütün tərəflərə bərabər davranan böyük dövlət adamıdır”.

Miloard Dodik: Recep Tayyip Erdoğan böyük dövlət xadimidir

Elə Türkiyə Cümhurbaşqanının Balkanlara səfəri də bu əhval-ruhiyyədə baş tutur. Məlumat üçün bildirək ki, R.T.Erdoğanın ilk dayanacağı Bosniya və Herseqovina olub.

Balkan News-un məlumatına görə, R.T.Erdoğanı və Türkiyə nümayəndə heyətini Beynəlxalq Sarayevo Hava Limanında Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç, Bosniya və Herseqovinanın Baş Qərargah rəisi, general-leytenant Senad Masoviç, Sarayevo bələdiyyə başqanı Benjamina Kariç və Türkiyə səfiri qarşılayıb.

Bununla bağlı Bisera Turkoviç sosial media hesabından paylaşım edib.

Məlumata görə, daha sonra R.T.Erdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Şefik Caferoviç tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb: “Rəsmi qarşılanma mərasimindən sonra R.T.Erdoğan və Ş.Caferoviçin təkbətək görüşü olub. Görüşdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodik də iştirak ediblər”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri ilə birgə keçirilən mətbuat konfransı
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri ilə birgə keçirilən mətbuat konfransı

Görüşdən sonra keçirilən mətbuat konfransında bir sıra önəmli açıqlamalar verilib. Məsələn, Cümhurbaşqanı R.T.Erdoğan deyib ki, Bosniya və Herseqovina ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinə qərar verilib. Türkiyə Cümhurbaşqanı bundan sonra Türkiyədən Bosniya və Herseqovinaya, Bosniya və Herseqovinadan isə Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməyin mümkün olacağını vurğulayıb.

Bundan başqa, Türkiyənin regiondakı mövcud çətinlikləri aradan qaldırmaq üçün əlindən gələni etməyə hazır olduğu da bəyan edilib. R.T.Erdoğan iki ölkə arasında 876 milyon dollara çatan ticarət dövriyyəsinin yüksəldilməsini və qarşılıqlı investisiyaların artırılmasını müzakirə etdiklərini bildirib.

İki ölkə arasında əlaqələrin inkişafı Türkiyə-Bosniya və Heseqovina Biznes Forumunda da geniş müzakirə edilib. Forumda mühüm qərarlar qəbul olunub.

Səfər çərçivəsində R.T.Erdoğan Bosniya və Herseqovinanın ilk prezidenti, mərhum Aliya İzzetbegoviçin məzarını və Bosniya və Herseqovina İslam Birliyinin yeni binasını (Riyaset) da ziyarət edib.

Türkiyə Cümhurbaşqanı daha sonra Serbiyaya səfər edib.

R.T.Erdoğanı Belqrad Hava Limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Türkiyə ilə Serbiya arasında hər iki ölkə vətəndaşlarının səyahətlərinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirməsinə dair razılığın əldə olunması gözlənilir.

Recep Tayyip Erdoğanı Belqrad Hava Limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər qarşılayıblar
Recep Tayyip Erdoğanı Belqrad Hava Limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər qarşılayıblar

Qeyd edək ki, R.T.Erdoğanın Balkan turuna Xorvatiyaya səfər də daxildir. Ümumilikdə bu səfər Türkiyənin növbəti Balkan açılımı kimi dəyərləndirilir. Hesab edilir ki, bu səfərdən sonra qardaş Türkiyənin Balkan regionundakı nüfuzu və çəkisi daha da artacaq.

Mission News Theme by Compete Themes.