BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov arasında görüş keçirilib. Görüşdə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək uğurlar arzulayıb: “Qeyd olunub ki, Azərbaycan-Türkmənistan münasibətləri davamlı olaraq inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazası yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir. Bildirilib ki, nəqliyyat-tranzit sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindəndir və yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir, bu da ölkələrimizi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir”.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə məlumat verilib, energetika, investisiya, nəqliyyat, ticarət, kommunikasiya və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb: “Səfir Qurbanməmmet Elyasov Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib, tərəfdaşlığın daha da gücləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb. Tərəflər birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, iqtisadi sahədə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar”.