Press "Enter" to skip to content

“Altılı masa”da HDP gərginliyi

Nadir Azəri

CHP-nin “HDP-yə nazirlik verilə bilər” mövqeyi İYİ Partidə qəzəblə qarşılanıb

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, gələn il qardaş Türkiyədə həm cümhurbaşqanlığı, həm də parlament seçkiləri keçiriləcək. Hazırda iqtidarın və müxalifətin bu seçkilərə necə hazırlaşdığı, hansı vədlərlə getdiyi maraqla izlənir.

“Milli Şura”ya bənzəyən “Millet İttifakı”

Yeri gəlmişkən, öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, iqtidarın “Cumhur İttifakı”nın proqramı da, cümhurbaşqanlığına namizədi də bəllidir. Bu namizəd hazırkı Cümhurbaşqanı Recep Tayyip Erdoğandır. Yəni iqtidar cəbhəsində vahid fikir və həmrəylik mövcuddur. Hazırda bu ittifaqda təmsil olunan partiyalar xalqla görüşlərə başlayıblar.

Müxalifət cəbhəsi hələ ki, uduzur

Lakin müxalifət cəbhəsi bu məsələdə hələ ki, iqtidara uduzur. Söhbət bu düşərgədə vahid namizədin hələ də müəyyən edilməməsindən gedir. Yalnız R.T.Erdoğanın növbəti dəfə Cümhurbaşqanı seçilməsinin qarşısını almaq arzusunda (maraqlıdır ki, bu təkcə müxalifətin deyil, Türkiyənin dünya gücünə çevrilməsindən narahat olan bəzi Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın da əsas istəyidir – N.A.) vahid mövqe sərgiləyən müxalifət partiyaları arasında digər məsələlərdə ciddi fikir ayrılıqları var. Hazırda bu düşərgədə üzdə süni təbəssümlə mediaya poz verən partiya rəhbərləri arxada bir-birinə müttəfqi deyil, rəqib, hətta deyərdik ki, barışmaz rəqib kimi yanaşırlar.

Əslində, onların cümhurbaşqanlığına namizəd məsələsində də çəkici eyni zindana vuracağı mümkünsüz görünür. Yəni əgər hadisələr bu axarla inkişaf edərsə və Qərbdəki bəlli güclər “filankəs “altılı masa”nın cümhurbaşqanlığına vahid namizədi olacaq” hökmünü verməzsə, o zaman müxalifət seçkilərə bir neçə namizədlə gedəcək. Bunu da belə əsaslandırmağa çalışacaqlar ki, “birinci mərhələdə istəyən hər kəs gücünü sınasın. İkinci mərhələdə ən çox səs toplayan kim olarsa, onun ətrafında birləşərik”.

Meral Akşener Kemal Kılıçdaroğlunun namizədliyinə iyi baxmır

Ancaq son aylar bu düşərgədə olub-bitənləri yaxından izləyənlər ikinci mərhələdə də hamının “bir mahnını ifa edəcəyi”nə az inanır. Niyəsi də açıq bəllidir. Məsələn, deyək ki, ikinci mərhələdə müxalif namizədlər arasında Kemal Kılıçdaroğlu ən çox səs topladı. Belə olan halda İYİ Parti genel başqanı Meral Akşenerin ona səmimi şəkildə dəstək verəcəyi heç cür inandırıcı görünmür. Əgər dəstək verilsəydi, o zaman bu müxalifətçi xanım bəri başdan CHP rəhbərini dəstəkləyərdi.

Məlumatlara əsasən, M.Akşener K.Kılıçdaroğlunun namizədliyinə ciddi şəkildə qarşı çıxır. O, hətta CHP rəhbərindənsə, 11-ci Cümhurbaşqanı Abdullah Gülün “altılı masa”nın namizədi olmasına müsbət yanaşa bilər. Halbuki bundan öncəki seçkilərdə məhz İYİ Parti genel başqanının addımı ucbatından A.Gül müxalifətin vahid namizədi ola bilməmişdi.

Meral Akşenerin Abdullah Gülü dəstəkləməsi mümkündür

Elə “altılı masa”dakı mövcud durumu BAYRAQDAR MEDİA üçün dəyərləndirən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk də bu ehtimalın güclü olduğunu deyib. Qısası, M.Akşener K.Kılıçdaroğlunun namizədliyinə iyi baxmır.

Bölücülərə yanaşma müxalifət düşərgəsini bölür

Bəs hadisələrin bu axarla inkişafı CHP ilə İYİ Parti arasındakı münasibətlərə mənfi təsir göstərə bilərmi? Hesab edirik ki, bu suala ən yaxşı cavab “CHP ilə İYİ Parti arasındakı münasibətlər onsuz da xeyli müddətdir mənfi məcrada inkişaf edir” şəklində ola bilər. Bu iki partiya arasında münasibətlərin müttəfiqlikdən rəqiblik, özü də barışmaz rəqiblik səviyyəsinə keçməsini sübut edən son olay isə PKK-nın siyasi qanadı kimi qəbul edilən HDP ilə bağlı oldu.

Xatırladaq ki, CHP-nin İstanbul millət vəkili Gürsel Tekinin “HDP-yə nazirlik verilə bilər” açıqlaması İYİ Parti düşərgəsində olduqca sərt əks-reaksiya ilə qarşılanıb. İYİ Partinın İstanbul millət vəkili Yavuz Ağıralioğlu G.Tekinə xitabən “kimdən soruşdun ki, kiməsə nəsə verirsən? Biz heç vaxt belə bir şeyə razı olmayacağıq. PKK-ya terror təşkilatı deyə bilməyən, terrorla əlaqəsini kəsə bilməyən HDP ilə heç vaxt eyni yolda addımlamarıq” deyib.

Meral Akşener milliyyətçi elektoratı itirmək istəmir

Göründüyü kimi, iki partiya arasındakı soyuqluq, gərginlik HDP ucbatından daha da dərinləşib. Bundan sonra tərəflərin hansı mövqe sərgiləyəcəyi maraq doğurur. Heç şübhəsiz, indiki halda M.Akşener və komandasının “HDP-yə nazirlik verilə bilər” məsələsinə loyal yanaşması İYİ Partinin siyasi intiharı ola bilərdi. Çünki kimsəyə sirr deyil ki, M.Akşenerin partiyası daha çox Devlet Bahçeli idarəçiliyindən narazı olaraq MHP-dən ayrı düşən milliyyətçi kəsimin səsinə bel bağlayıb. Amma o da hər kəsə bəllidir ki, həmin milliyyətçilər hər nə qədər mövcud MHP idarəçilərindən narazı olsalar da, terrorçuluq, PKK və təbii ki, HDP onların, ümumilkdə Türkiyənin qırmızı cizgisidir. Ona görə də əgər G.Tekin yaxın günlərdə öz fikirlərində “korrektə” etməsə, HDP gərginliyi “altılı masa”nın parçalanmasına qədər uzana bilər.

Əslində bu baş verənlər heç də təəccüb doğurmur. Çünki öncəki yazımızda da qeyd etdiyimiz kimi, “Millet İttifakı”, yaxud “altılı masa”nın timsalında Türkiyənin müxalifət düşərgəsinin mövcud durumunu siyasi baxışları və ideoloji istiqaməti bir-birindən yerlə göy qədər fərqlənənlərin zorən bir araya gəlməsi kimi xarakterizə edə bilərik.

Mission News Theme by Compete Themes.