Press "Enter" to skip to content

Meral Akşenerin Abdullah Gülü dəstəkləməsi mümkündür

Hasan Öztürk

Son yeniləmə: 6 Sentyabr 2022 17:45

Hasan Öztürk: Kemal Kılıçdaroğlu “altılı masa”nın deyil, sadəcə CHP-nin namizədi ola bilər

BAYRAQDAR MEDİA – “CHP Kemal Kılıçdaroğlunu cümhurbaşqanlığına namizəd etmək istəyir, bu doğrudur. Amma CHP-nin bunun üçün “altılı masa”da dəstəyini alması lazım olan ən önəmli aktorlardan biri İYİ Partinin başqanı Meral Akşenerdir. M.Akşener isə indiyə qədər K.Kılıçdaroğlunun namizədliyini dəstəkləmir”.

Bunu Türkiyədə gələn il keçiriləcək cümhurbaşqanı seçkiləri ilə bağlı müxalifətin “altılı masa”sındakı mövcud durumu BAYRAQDAR MEDİA üçün dəyərləndirən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

K.Kılıçdaroğlunun müxalifətin cümhurbaşqanlığına vahid namizədi olmaq şansının olub-olmamasına dair sualı cavablandıran H.Öztürk qeyd edib ki, M.Akşenerin vahid namizədlə bağlı bir şərti var: “O, qeyd edir ki, “biz qalib gələ biləcək namizədi dəstəkləyəcəyik”. Xatırlatmaq istərdim ki, 2018-ci il cümhurbaşqanı seçkilərində M.Akşener 11-ci Cümhurbaşqanı Abdullah Gülün müxalifətin vahid namizədi olmasını əngəlləmiş, özü namizəd olmuşdu. Həmin vaxt A.Gül müxalifət daxilində ümumi razılıq əldə olunarsa namizəd ola biləcəyini demişdi. Müxalifət daxilində A.Güllə bağlı geniş konsensusun əldə olunmadığını isə biz M.Akşener namizəd olduqdan sonra öyrənmişdik”.

“Altılı masa”nın namizədi Abdullah Gül ola bilər

Müsahibimiz qeyd edib ki, M.Akşener bu seçkilərdə müxalifətin vahid namizədlə mübarizəyə qoşulmasını istəyir: “Amma o, bu namizədin K.Kılıçdaroğlu olmasını istəmir. Xatırladım ki, A.Gül həm də 30 Avqust Zəfər Bayramı ərəfəsində və həmin günlərdə CHP-nin elektoratının marağına səbəb olan açıqlamalar verdi. Bu açıqlamalardan sonra yenidən müzakirələr başlayıb. Hətta A.Gülün bununla namizədliyinin yenidən gündəmə gələ biləcəyinə eyham vurduğu da söylənilir”.

“Beləliklə, ortaya yeni bir sual çıxır: M.Akşener bu dəfə A.Gülün namizədliyinə “hə” deyə bilərmi? Hesab edirəm ki, deyə bilər. Bu məqamda CHP-li Gürsel Tekinin “HDP-yə nazirlik verə bilərik” açıqlamasına İYİ Partidən çox sərt reaksiya verilməsi də diqqətlərdən yayınmadı. Bütün bunlardan sonra sizin K.Kılıçdaroğlu ilə bağlı sualınızı belə cavablandırıram: K.Kılıçdaroğli cümhurbaşqanlığına namizəd ola bilər. Ancaq müxalifətin, “altılı masa”nın vahid namizədi yox, sadəcə CHP-nin namizədi. Belə olan halda bəlkə də “altılı masa”da yeni ittifaq yarana, bir neçə namizəd çıxa bilər. Bu zaman isə HDP də öz namizədini irəli sürə bilər”, – deyə müsahibimiz sonda qeyd edib.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.