BAYRAQDAR MEDİA – Gagauz muxtariyyətinin qurulmasının əsas vəzifələrindən biri – dilin qorunması yerinə yetirilməyib. Gagauz dili dünyanın ölməkdə olan dilləri sırasına daxildir.
Bu sözləri Moldova Prezidenti Mayya Sanduuxtariyyətin mərkəzi Komrat şəhərinə səfəri zamanı deyib.
Gagauzinfo-nun verdiyi xəbərə görə, türk dillərinin oğuz alt qrupuna aid olan gagauz dili yox olmaq təhlükəsilə üz-üzədir. Bu dil 2010-cu ildə UNESCO-nun “Yox olma təhlükəsi altında olan dünya dilləri” atlasına əlavə edilib.
Dilin qorunması gagauz xalqının mövcudluğu baxımından böyük önəm kəsb edir. Üstəlik də ölkə rəhbərliyi muxtariyyət sakinlərinin dil öyrənməsinə getdikcə daha az diqqət ayırır.
“1994-cü ildə muxtariyyətin qurulmasının əsas vəzifələrindən biri gagauzların milli kimliyinin və mədəniyyətinin qorunmasını təmin etmək idi. Bu vəzifə yerinə yetirilməyib. Bizim indi oturub müzakirə etməyimiz lazımdır ki, gagauz dilini qorumaq üçün hansı mexanizmdən istifadə edə bilərik”, – deyə Moldova Prezidenti M.Sandu xalq deputatları ilə görüşdə bildirib.
Eyni zamanda Prezident Moldovanın dövlət dili olan rumın dilinin ümumölkə səviyyəsində öyrənilməsi ilə bağlı fikrini də elan edib. Yanvarın 1-dən bütün arzu edənlər dövlət dilini öyrənə bilərlər. Prezident deputatlardan gagauz dilinin öyrənilməsi ilə bağlı mexanizm hazırlamağı da xahiş edib. Eyni zamanda Respublika hökumətinə bunun üçün vəsait ayrılmasını tapşırıb.
Gagauziya (Gagauz Yeri) 2018-ci ildə dilin qorunması ilə bağlı qanun qəbul edib. Qanuna görə, gagauz dilindən ictimai həyatın bütün sahələrində və ən yüksək səviyyədə istifadə edilməsi nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində 2020-ci ilin sentyabrından məktəblərdə bəzi dərslər gagauz dilində keçilməyə də başlayıb.