BAYRAQDAR MEDİA – Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında bilgi bazası hazırlanır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sentyabrın 6-da təşəbbüsün sahibi olan Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyindən verilib.
“Fəaliyyət MİTDİB tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir”, – deyə xəbərdə bildirilir.
Məsələylə bağlı layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, hazırlanacaq məlumat bazasında söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, strukturları, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, mövcud durumları, Azərbaycana münasibətləri barədə informativ xarakterli bilgilər toplanılacaq: “Bu materiallar məqalələr formasında hazırlanaraq yerli mediada dərc ediləcək, Azərbaycan oxucusu üçün əlçatan olacaq”.
M.Ələsgərli əlavə edib ki, iki ay müddətində davam edəcək layihənin əsas məqsədi milli QHT və medianın beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlığının qurulmasını stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan ibarətdir.