Press "Enter" to skip to content

Dünya düzənində özünə güvənən, qətiyyətli Azərbaycan var

Vüqar İskəndərov

Son yeniləmə: 5 Sentyabr 2022 11:52

Vüqar İskəndərov: Elə bir Azərbaycan ki, müharibədə qalib gəlməklə yanaşı, əbədi sülhün əldə edilməsi və regionun inkişafı üçün də bütün səylərini ortaya qoyub

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyev getdiyi hər bir səfərdə, iştirak etdiyi hər bir beynəlxalq tədbirdə, o cümlədən nüfuzlu xarici mediaya verdiyi hər bir müsahibədə Azərbaycanın milli maraqlarına əsaslanan qətiyyətli mövqeyini ortaya qoyur. Biz ötən həftə bir daha bunun şahidi olduq”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında növbəti platforma

Deputat qeyd edib ki, dövlət başçısı istər sentyabrın 2-də 48-ci beynəlxalq Çernobbio Forumundakı çıxışı, istərsə də İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bu mövqeyi bir daha ortaya qoyub: “Məlum olduğu kimi, Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində qatılıb. Dövlət başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Öncə onu deyim ki, bu beynəlxalq tədbirə əsas qonaq qismində dəvət olunması və orada çıxış etməsi dövlət başsısının dünyadakı nüfuzunun daha bir əyani göstəricisidir. Onu da qeyd edim ki, dövlət başçısının həmin tədbirdəki çıxışı bir çox məqamlara görə, o cümlədən Azərbaycanın maraqlarının bir daha bəyan edilməsində, ölkənin mövqeyinin dünyaya çatdırılmasında növbəti platforma rolunu oynadı”.

Regionda vəziyyət sülhə doğru inkişaf edir

Deputatın sözlərinə görə, eyni fikirləri Prezidentin Çernobbio şəhərində İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsi haqqında da demək olar: “Həmin müsahibəsində enerji ilə bağlı Avropanı narahat edən məqamlara toxunan dövlət başçısı eyni zamanda regiondakı durum barədə də ətraflı danışıb. Qeyd olunub ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir. Müsahibəsində Brüsseldə keçirilən son görüşə də toxunan Prezident İlham Əliyev, “Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu” deyib. Dövlət başçısının da bəyan etdiyi kimi, bu, Brüssel görüşünün ən mühüm nəticələrindən idi. Cənab İlham Əliyev bir neçə ay ərzində sülh sazişinin yekunlaşdırılıb imzalana bilinəcəyini də deyib”.

Azərbaycanın qətiyyətli mövqeyi öz sözünü deyir

V.İskəndərov qeyd edib ki, əslində, Ermənistanın başqa yolu da yoxdur: “Çünki ötən iki il ərzində yalnız dağıdıcı fəaliyyətlə məşğul olan Ermənsitan rəhbərliyi bir daha əmin oldu ki, “Dəmir yumruq” yerindədir”.

“Göründüyü kimi, Vətən müharibəsindən sonra yaranan reallıqlar, həmçinin Azərbaycanın qətiyyətli mövqeyi öz sözünü deyir. Bu gün dünya düzənində özünə güvənən, qətiyyətli Azərbaycan var. Elə bir Azərbaycan ki, müharibədə qalib gəlməklə yanaşı, əbədi sülhün əldə edilməsi və regionun inkişafı üçün də bütün səylərini ortaya qoyub”, – deyə V.İskəndərov əlavə edib.

Mission News Theme by Compete Themes.