BAYRAQDAR MEDİA – Sentyabrın 1-də Astara rayonunda tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib.
BAYRAQDAR MEDİA-ya bu barədə verilən məlumat görə, görüşdə Y.Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş “Cığır” tarixi romanı da müzakirə olunub: “Vətən müharibəsində, həmçinin müharibədən sonra əldə edilən nailiyyətlərdən və Şuşa şəhərinin tarixindən bəhs edilən kitab barədə oxucuları maraqlandıran suallar cavablandırılıb”.
Məlumata əsasən tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev, həmçinin Vətən müharibəsi qəhrəmanı şəhid Əli Feyziyevin anası Rəvayət Feyziyeva və Vətən müharibəsinin qaziləri iştirak ediblər: “Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Y.Oğuzun həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra qonaqlar “Cığır” romanı barədə fikirlərini səsləndiriblər. Tədbirin sonunda şəhid və qazi ailələrinə “Cığır” romanı hədiyyə edilib və xatirə şəkli çəkilib”.
Elə həmin gün Y.Oğuz Lənkəran şəhərində ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərlə görüşüb: “Görüşdə Lənkəran şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, eləcə də Lənkəran şəhəri üzrə Regional Mədəniyyət Mərkəzinin direktoru Şahin Şahbazov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad və Lənkəran rayonunun Ləj kənd sakini, 1995-ci il 17 mart hadisələri zamanı Bakı şəhərində şəhid olan Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev iştirak ediblər”.
Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova tarixi romanlar müəllifinin şəhid ailələri və qazilərlə görüşünün əlamətdar hadisə olduğunu vurğulayıb: “Bildirib ki, qələm adamları ilə hər təmas şəhid ailələri və qazilərin yaddaşında dərin iz buraxır. Diqqətə çatdırılıb ki, Y.Oğuzun əsərləri mahiyyət etibarilə insanların xarakterinin və oxucuların dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayır. Obrazların daxili aləminin açılmasında vasitə olan bu əsərlərdə təkcə hadisələr təsvir edilmir, həm də bu və ya digər hadisənin timsalında islah ediləsi xarakterlər, dünyagörüşlər də təqdim olunur. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Y.Oğuzun tarixi romanları, Qarabağ müharibəsi qəhrəmanları haqqında yazdığı əsərlər gənclərin vətənpərvərlik ruhunun tərbiyəsində əhəmiyyətli rol oynayır. Xatırladılıb ki, onun “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur- zirvəyə doğru”, “Əmir Teymur- dünyanın hakimi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz”, “Ovçu”, “Səfəvi Şeyxi” tarixi romanları bu silsilədən olan əsərlərdir”.
Tədbirdə çıxış edən Y.Oğuz çıxış edərək, onunla görüş təşkil etdiklərinə görə Lənkəran rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.