Press "Enter" to skip to content

Strateji müttəfiqlərdən biri

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 2 Sentyabr 2022 14:22

Vüqar Bayramov: İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq

BAYRAQDAR MEDİA – “İtaliya Azərbaycanın strateji mütəffiqlərindəndir və adıçəkilən Avropa ölkəsini təmsil edən şirkətlər işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasında fəal iştirak edilər. Azərbaycan İtaliya da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinin formalaşmasına, neftə və eləcə də mavi qaza olan tələbatının ödənilməsinə birbaşa dəstək və töhfə verir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə səfərini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Eenerji sahəsində əməkdaşlıq inkişaf etməkdədir

Onun sözlərinə görə, nəzərə alsaq ki, Azərbaycan öz neftini İtaliya vasitəsilə Avropa bazarına çıxarır, deməli, İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq uzun müddətdir formalaşıb və bu sahədəki əməkdaşlıq inkişaf etməkdədir: “2020-ci ilin sonuncu ayından etbarən isə Azərbaycan İtaliyaya mavi qaz nəql edir. Son 1 ildə Azərbaycan Avropaya 15 milyard kub metrə yaxın mavi qaz ixrac edib. TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir”.

Ticarət dövriyyəsində də kəskin artımlar var

V.Bayramov deyib ki, iki ölkə arasındakı ticarət dövriyyəsində də kəskin artımlar var: “Azərbaycan ilə İtaliya arasındakı ümumi ticarət dövriyyəsi 2020-ci ildə 4 milyard 568 milyon dollar olmuşdu. Ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 9 milyard 663 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycanın İtaliyaya ixracatı 9 milyard 243 milyon, idxalı isə 419.7 miyon dollar olub. Bu ilin ilk 6 ayında isə 9 milyard 116 milyon dollarlıq ticarət qeydə alınıb. İtaliyaya 8 milyard 972 milyon dollar məhsul ixrac edən Azərbaycan sözügedən Avropa ölkəsindən 144.3 milyon dollarlıq idxal həyata keçirib. Bu ilin ilk 8 ayında isə 11 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu isə o deməkdir ki, artıq bu ilin geridə qalan 8 ayında ticarət dövriyyəmiz ötən ilki ümumi rəqəmdən daha çox olub”.

İtaliya Azərbaycan üçün həm də…

Vurğulanlb ki, Azərbaycan, eyni zamanda, qeyri-neft məhsullarını İtaliya bazarına çıxarmaq niyyətindədir: “İtaliya Azərbaycan üçün qeyri-neft ixracatı baxımından yeni bazarlardan biri hesab olunur. Təbii ki, Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi və ölkəyə daxil olan valyuta həcminin artırılması baxımından vacibdir. Bu mənada, İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri imkan verəcək ki, Azərbaycanın iş adamları, qeyri-neft sektorunda çalışan sahibkarlar bu strateji münasibətlərin inkişaf etməsindən faydalana bilsinlər”.

Mission News Theme by Compete Themes.