BAYRAQDAR MEDİA – Şimali Kaliforniyada yerləşən Cozef D.Qrant Parkında soydaşlarımızın “İllik icma düşərgəsi” təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 2-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi və Kaliforniyada yaşayan azərbaycanlıların birgə həyata keçirdiyi layihənin başlıca məqsədi həmvətənlərimizin birliyinin və həmrəyliyinin gücləndirilməsidir: “Layihə çərçivəsində azərbaycanlı ailələrdə böyüyən uşaqların bir-biri ilə yaxından tanış olması üçün “Mədəniyyət günləri düşərgəsi” də təşkil olunub. Üç gün ərzində fərqli oyunlar vasitəsilə uşaqlara Azərbaycan tarixi, dili, mədəniyyəti, coğrafiyası, milli-mənəvi dəyərləri barədə məlumatlar verilib, filmlər nümayiş etdirilib, dostluğun və komanda işinin prinsipləri izah edilib. Uşaqlar yeniyetmələr üçün nəzərdə tutulan Palo Alto Muzey və Zooparkını da ziyarət ediblər”.
Qeyd edilib ki, “İcma düşərgəsi” iştirakçıları arasında tanınmış Azərbaycan idmançısı, qaydasız döyüş üzrə “Fury FC 57 – UFC Fight Pass” turnirinin çempionu Hüseyn Əliyev də olub. Hüseyn Əliyevlə görüş və çempionluq kəmərini onun üzərində görmək uşaqlarda böyük maraq doğurub: “Düşərgənin sonuncu günü uşaqlar arasında “Talant şou” və digər maraqlı yarışlar keçirilib. Müsabiqə iştirakçılarına müxtəlif sertifikatlar təqdim edilib. Qeyd edək ki, düşərgəyə Şimali Kaliforniyadakı türk icmasının təmsilçiləri də qatılıblar”.