BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarınin inkişaf etdirilməsi” adlı layihənin icrasına başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sözügedən İctimai Birlikdən məlumat verilib.
Qeyd edilib ki, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. QHT-lərın fəallığının artırılması, o cümlədən onların ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir: “Öz növbəsində qrant layihələri əsasında QHT-lərin bəlli bir qismi uğurlu və səmərəli fəaliyyət sərgiləyirlər. Amma təəssüflər olsun ki, biz əksər hallarda nəinki bu layihələrin icrasının, ümumilikdə QHT-lərin fəaliyyətinin mətbuatda lazımlı şəkildə işıqlandırılmamasının şahidi oluruq. Bunun da əsas səbəbi QHT-lərin böyük əksəriyyətinin mətbuatla, o cümlədən sosial meda ilə işlərini düzgün qurmamaları ilə bağlıdır. Odur ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır”.
Məlumatda vurğulanıb ki, “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədəki QHT-lərin mətbuatla işinin qurulması, həmçinin sosial mediada fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır: “Yəni layihənin ideyasını QHT-lərlə jurnalistlər arasında peşəkar münasibətlərin qurulması yollarının tapılmasına, media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin təqdim edilməsi, iş proqramının tutulmasına yardım edə biləcək tövsiyyələrin verilməsi təşkil edir. Bu zaman qardaş Türkiyənin təcrübəsinin də araşdırılması, o cümlədən Azərbaycandakı ayrı-ayrı QHT-lərin mövcud məsələ ilə bağlı yanaşmalarının əsasında hazırlanmış məqalələrin saytlarda dərci nəzərdə tutulub”.
“Layihə çərçivəsində iki təlim-seminarın keçirilməsi, layihənin gedişi barədə mediada və sosial şəbəkələrdə, o cümlədən təşkilatın öz saytında məlumatların yerləşdirilməsi nəzədə tutulub. Bir sözlə, layihənin məqsədi QHT təmsilçilərinin media ilə iş sahəsində bilik və bacarıqlarının artırılmasına, media ilə QHT-lər arasında əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdir”, – deyə məlumatda qeyd edilir.