BAYRAQDAR MEDİA – İmişli rayonunda meliorativ tədbirlərin düzgün aparılması nəticəsində torpaqların münbitliyi artıb. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 2-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
O, bildirib ki, zaman keçdikcə şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinəyararlı vəziyyətə gətirilib: “Bütün bu işlər Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsi ilə həyata keçirilib.İmişli rayonunda, ümumilikdə, 35 min 900 hektara yaxın meliorasiya olunmuş torpaqlara 1 min 531 kilometr drenaj və kollektorlar şəbəkəsi vasitəsilə xidmət göstərən idarə hazırda bu istiqamətdə işlərini davam etdirir. İdarə tərəfindən bu ilin əvvəlindən etibarən 14 ədəd hidrotexniki qurğu vaxtilə tikilmiş və yararsız hala düşən borular sökülüb, yeni borularla əvəzlənərək cari təmir olunub. Bu da nəticə olaraq kollektorlarda qrunt və səth sularının normal axıdılmasına, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına müsbət təsirini göstərib”.
Qeyd edilib ki, Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olan kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir: “Buna misal olaraq ətrafda əkilən pambıq sahələrini göstərmək olar. Fermerlər hər il əkin üçün yerlərin artdığını söyləyirlər. Kollektor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır. İlk öncə təsərrüfatlar daxili kollektorlar lildən təmizlənərək əsas kollektorlara ötürülür. Bu kollektorlar da magistral kollektorlara qoşulur. Ən sonda magistral kollektorlar qrunt sularını rayon ərazisindən kənarlaşdırır”.