Son yeniləmə: 1 Sentyabr 2022 17:17
BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Türkiyənin bu ölkədəki səfiri Mustafa Göksu ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 1-də Fonddan bildirilib.
Qeyd olunub ki, görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövlətləri Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlığın, türk dünyasının qədim maddi-mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edilib: “Türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin türk dövlətləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində tanıdılmasında və daha geniş auditoriyalara çatdırılmasında Fondun fəaliyyəti yüksək qiymətləndirilib. Görüşlərdə türk dünyasının zəngin irsinin möhkəmlənməsi yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb”.
Görüşlər türk və ərəb dünyasının mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılması ilə bağlı müzakirələrlə davam edib.