Son yeniləmə: 1 Sentyabr 2022 12:46
Türkiyəli general Yunanıstanın Türkiyəyə qarşı təxribatçı addımlarının pərdəarxası məqamlarından danışdı
BAYRAQDAR MEDİA – “NATO-nun da, Yunanıstanın dərin dövlətinin də patronu bəllidir. Bu patron ABŞ-dır. Əks halda Yunanıstanın 1974-cü ildə Kıbrısda yediyi sillədən sonra Türkiyəyə qarşı bu cür mövqe sərgiləməsi, hava sahəsi, dəniz suları ilə bağlı təhdidkar davranışları mümkün deyil. Əslində, Yunanıstanın bu cür davranışlarına səbəb olacaq hər hansı bir şey də yoxdur”.
Bunu Yunanıstanın Türkiyəyə qarşı təxribatçı davranışlarını, həmçinin bu davranışlarla bağlı rəsmi Ankaranın NATO-ya müraciət etməsini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib. Onun sözlərinə görə, ortada hər hansı səbəb olmamasına baxmayaraq Yunanıstan xüsusilə də son iki il yarımdır Türkiyəyə qarşı təxribatçı addımlar atır: “Özü də bu cür təxribatçı addımlar Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşması üçün aparılan danışıqlar dövründə atılır. Bu isə Yunanıstanın bilərəkdən vəziyyəti gərginləşdirmək istəyindən xəbər verir”.
Bir neçə il öncə Rusiya təyyarəsinin vurulması və yaranan gərginliyi xatırladan Y.Karauz indi də ona bənzər ssenarinin Yunanıstanla Türkiyə arasında yaşanması üçün istəklərin olduğunu deyib: “Yunanıstanın bu davranışları tamamilə bu ölkənin dərin dövləti ilə və xarici patronlarının sifarişi əsasında baş tutur. Yəni bu qüvvələr Türkiyənin Suriya və İraqda terrorla mübarizə apardığı halda Yunanıstan vasitəsilə meydana gələ biləcək bir təyyarə vurulması, meydana gələ biləcək bir insan itkili olayla müharibəyə cəlb edilməsini, Yunanıstanla Türkiyənin münasibətlərinin müharibə həddinə gəlməsini istəyirlər. Əvvəlki açıqlamalarımızda dəfələrlə qeyd etdiyimiz kimi dünya 20-25 il davam edəcək böhran dönəminə doğru addımlayır. Bu böhranın yeni təhlükə bölgələrində yeni döyüş sahələrinin idarə edilməsi vacibdir ki, bəlli xarici güclər bu istiqamətdə davamlı addımlar atırlar”.
Müsahibimizin sözlərinə görə, bir neçə gün öncə Şuşaya getməyən ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin davranışları da yuxarıda bəhs edilən məqamlarla bağlıdır: “Şuşaya səfrilərini göndərməyən ABŞ və Fransa regionda keçmiş status-kvonun davam etməsinin, yəni regionun gərginlik ocağı kimi qalmasını arzulayır. Dolayısı ilə birbaşa mövzumuza qayıdaraq onu qeyd etmək istəyirəm ki, Yunanıstanın dərin qurumlarının qulağına pıçıltı ilə deyilən tapşırıq Ege bölgəsində bir Türkiyə-Yunanıstan müharibəsinin olmasıdır. Bununla da Türkiyənin dünya düzənində irəliləyişinin, yüksəlişinin qarşısını almaq istəyirlər. Həmin güclər Türkiyəni Qafqazlar, Orta Asiya, Liviya, Suriya ilə maraqlanan bir regonal güc olmaq mövqeyindən çəkindrimək üçün bu addımları atırlar. Bütün bunların fonunda NATO-nun da Yunanıstana hər hansı təsir, yaxud təzyiq edəcəyi real görünmür. Halbuki Türkiyənin müraciəti və ortaya qoyduğu dəlillər Yunanıstanın təxribatçı addımlarına tam şəkildə işıq salır. Ancaq NATO-nun bu müraciətə müsbət reaksiya verəcəyini gözləmirəm. Çünki dediyim kimi, NATO-nun da, Yunanıstanın dərin dövlətinin də patronu ABŞ-dır”.