48 min 841 nəfər ali təhsil müəssisələrinə qəbul olunub
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
DİM-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Bundan başqa ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər: “Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 2-si saat 12:00-dan sentyabrın 12-si saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.
O da qeyd edilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 min 724 nəfər iştirak edib: “Onlardan 48 min 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23 min 44 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25 min 797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.