BAYRAQDAR MEDİA – Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər Bayramı münasibətilə rəsmi qəbul keçirildi.
İki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Cümhurbaşqanı Recep Tayyip Erdoğanın 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxudu.
Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kemal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını deyən diplomat həmçinin Türkiyənin Cümhuriyyətinin qurulduğu gündən bu günədək terror təşkilatlarına qarşı mübarizəsini qərarlılıqla davam etdirdiyini bildirdi.
30 avqust zəfərinin əhəmiyyəti barədə danışan səfir C.Bağçı onu da qeyd etdi ki, Zəfərin nə olduğunu şübhəsiz, qardaş Azərbaycan yaxşı bilir: “Qarabağın 30 illik işğalı Türkiyənin siyasi və mənəvi dəstəyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Qələbə ilə yekunlaşıb”.
Tədbirdə çıxış edən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik etdi.
Baş Qərargah rəisi qeyd etdi ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf edir: “Qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var”.
K.Vəliyev çıxışında onu da bildirdi ki, hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə də Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır. İki ölkə arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir: “Bu birlik regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir”.
Qəbulda çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov əsrlərə söykənən dövlətçilik tarixi ilə qardaş Türkiyənin bu gün beynəlxalq arenada mühüm rol oynadığını, Türkiyənin bir çox qlobal məsələlərin həll edilməsində etibarlı vasitəçilik rolu olduğunu dedi.
Türkiyənin haqqın tərəfində olduğunu deyən E.Məmmədov qardaş ölkənin Azərbaycana göstərdiyi dəstəyin Azərbaycan xalqı tərəfindən hər zaman xatırlanacağını bildirib. Çıxışında o, həmçinin Şuşa bəyannaməsinin imzalanması ilə iki qardaş ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd etdi.
Sonda Türkiyənin milli müdafiə naziri Hulusi Akarın, Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin, Quru Qoşunları Komandanı ordu generalı Musa Avseverin, Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Adnan Özbalın, Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Atilla Gülanın təbrik videomüraciətləri nümayiş etdirildi.