BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 4 saylı filialı ilə birgə Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasının 62-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
Baş İdarədən verilən məlumata görə, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Kitabxananın əməkdaşları R.Mustafayeva və V.Məlikqasımova Çingiz Mustafayevin həyat və fəaliyyətindən danışaraq onun 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televeziyasında reportyor kimi fəaliyyət göstərdiyini bildiriblər. Qeyd olunub ki, onun Azərbaycan haqqında gerçəkləri əks etdirən reportajları informasiya blokadası olan dövrdə Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb”.
Çıxışlarda bildirilib ki, Dövlət Televeziyasında mövcud olan senzurada ciddi yasaqlar Ç.Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi: “Ona görə də Çingiz əlahiddə olaraq “215 Kl” studiyası adlı qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan bir çox izləyicilər “215 Kl” studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər”.
Vurğulanıb ki, Azərbaycanın döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar Ç.Mustafayevin müəllif yaradıcılığı idi. O, Xocalı soyqırımı haqqında çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Ç.Mustafayev 1992-ci il iyunun 15-də Əsgəran rayonunun Naxçivanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.
Qeyd edək ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.