Press "Enter" to skip to content

Məhəllədaxili su təchizatı sistemləri yenilənir

Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir

Son yeniləmə: 30 Avqust 2022 16:24

BAYRAQDAR MEDİA – Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir. Hazırda Yeni Yasamal 1 yaşayış massivində və Şərifzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının məhəllədaxili su təchizatı sistemləri yenilənir.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 30-da “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin may-iyun aylarında bu ünvalarda binaların daxili su təchizatı sistemləri yenidən qurulub, şaxtalarından keçən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılıb, 990 mənzilə yeni ev birləşmələri verilərək yeni sayğaclar quraşdırılıb: “Bundan sonra məhəllədaxili paylayıcı şəbəkələrin yenilənməsi işlərinə başlanıb. Yeni layihəyə əsasən, binaların həyətlərində müxtəlif diametrli polietilen borularla 2,6 km metr uzunluğunda su xətləri çəkilərək binaların giriş xətlərinə birləşmə verilir. Şərifzadə küçəsində icra olunan layihə çərçivəsində mövcud nasos stansiyasında yeni nasoslar quraşdırılacaq”.

Qeyd edilib ki, Sovet dövründə tikilmiş həmin çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb: “Dik dayaqlar uzun müddətdir istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verirdi. Bu da mənzillərə və zirzəmilərə su sızmalarına səbəb olurdu. Sayğacların mənzillərin daxilində olması bəzi hallarda onların vaxtında oxunmasını çətinləşdirməklə uçotun düzgün aparılmasına problemlər yaradırdı”.

Mission News Theme by Compete Themes.