Press "Enter" to skip to content

Hannoverdə görüş

Görüş zamanı

Son yeniləmə: 30 Avqust 2022 15:31

BAYRAQDAR MEDİA- Almaniyanın Hannover şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Azərbaycan icması ilə görüşü keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 30-da DİDK-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ölkəmizin Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniyanın 7 şəhərində yaşayan diaspor fəalları və türk icmasının üzvləri iştirak ediblər: “Görüşdə çıxış edən Komitə sədri DİDK-nın çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı hesabat təqdim edib, DİDK-nın koordinasiyalı şəkildə gördüyü işləri, həyata keçirilən ardıcıl layihələri nəzərə çatdırıb. Almaniyada yaşayan soydaşlarımızın elm, mədəniyyət, incəsənət və idman sahələrinə müvəffəqiyyətlə inteqrasiya olunması yüksək qiymətləndirilib. Ötən il Almaniyadakı azərbaycanlı həkimlərin I Forumunun keçirildiyi, diaspor fəaliyyətinə daha fəal şəkildə qoşulmaları məqsədilə azərbaycanlı alimlərin ümumdünya şəbəkəsinin formalaşdırılmasının nəzərdə tutulduğu vurğulanıb”.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında xaricdəki soydaşlarımızın sənədləşmə problemlərinin həlli məqsədilə səyyar ASAN xidmətin xarici ölkələrdə də tətbiqinə başlanıb: “Bu prosesin Türkiyənin Samsun şəhərində 30 avqust–4 sentyabr 2022-ci il tarixlərində baş tutacağı, gələcəkdə digər ölkələrdə, o cümlədən Almaniyada da tətbiq ediləcəyi bildirilib. Diaspor təşkilatlarının Almaniyada ictimai rəyə təsirinin gücləndirilməsi yollarından danışan Komitə sədri parlaq Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqların alman ictimaiyyətinə israrlı və dolğun şəkildə çatdırılmasının, soydaşlarımızın bir-birinə mənəvi dəstək göstərməsinin mühüm olduğunu vurğulayıb”.

Məlumata əsasən, tədbirdə Alman–Azərbaycan Dostluq Cəmiyyətinin, “Bakı” Alman–Azərbaycan Dostluq Cəmiyyətinin, Almaniya Azərbaycanlıları Alyansının, Alman–Azərbaycan Ziyalılar Birliyinin, Hamburq–Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri və və başqaları çıxış edib: “Onlar Qarabağda qazanılan böyük qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqəti, Komitənin çevik fəaliyyətini müsbət qiymətləndirib və diaspor işinin keyfiyyət göstəricilərinin artırılması üçün təkliflərini səsləndiriblər. Diaspor fəallarının əksəriyyəti Hannover şəhərində Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılmasını arzu etdiklərini dilə gətiribər. Görüşdə maraqlı və faydalı fikir mübadiləsi aparılıb”.

Məlumatda o da qeyd edilib ki, Hannover şəhərində fəaliyyət göstərən Alman–Azərbaycan Dostluq Cəmiyyəti bu yaxınlarda Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Mission News Theme by Compete Themes.