Son yeniləmə: 29 Avqust 2022 12:37
BAYRAQDAR MEDİA– Bir müddət öncə gərginləşən Kosovo-Serbiya münasibətləri normallaşır. Hər halda Avropa İttifaqından verilən son açıqlama belə deməyə əsasə yaradır.
Balkan News-un xəbərinə görə, AB bildirib ki, Kosovo və Serbiya arasında bütün vətəndaşların, o cümlədən Kosovo serblərinin sərbəst hərəkəti ilə bağlı razılıq əldə olunub. AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel sosial mediada Kosovo ilə Serbiya arasında son aylarda gərginliyə səbəb olan məsələ ilə bağlı razılaşmanın əldə edildiyini açıqlayıb.
Məlumata əsasən, C.Borel iki ölkənin AB-nin köməkliyi ilə Belqrad-Priştina Dialoqu çərçivəsində razılaşdığını açıqlayıb. Serbiyanın Kosovo şəxsiyyət vəsiqəsi olanların giriş-çıxışa dair sənədlərin tətbiqini ləğv edəcəyini bildirən C.Borel Kosovonun da Serbiya şəxsiyyət vəsiqəsi olanlardan bu sənədləri tələb etməyəcəyini vurğulayıb.
“Kosovo serbləri və bütün digər vətəndaşlar şəxsiyyət vəsiqələrindən istifadə etməklə Kosovo və Serbiya arasında sərbəst səyahət edə biləcəklər”, – deyə C.Borel bildirib.
Aİ-nin bu məsələ ilə bağlı Kosovo Baş naziri Albin Kurtidən zəmanət aldığını qeyd edən C.Borel bu həll məsələsində Avropanın rolunun olduğunu deyib və hər iki tərəfin liderlərini təbrik edib.