Press "Enter" to skip to content

Fərqli sektorlarda böyük potensial

Vüqar Bayramov

Son yeniləmə: 29 Avqust 2022 15:52

Vüqar Bayramov: Laçın rayonunun iqtisadiyyatının inkişaf etdirilməsi həm də Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək

BAYRAQDAR MEDİA – “Laçın şəhərinin işğaldan azad olunması müasir Azərbaycan tarixinin ən strateji hadisələrindən biridir. Nəzərə alaq ki, Laçın şəhəri həm geoiqtisadi, həm də geosiyasi baxımdan, eyni zamanda regionda təhlükəsizliyin formalaşması baxımından bölgə üçün vacib yaşayış məntəqələrindən biridir. Bu baxımdan Laçın şəhərinin işğaldan azad olunması, o cümlədən avqustun 26-dan etibarən Azərbaycan Ordusunun artıq Laçın şəhərinə yerləşməsi bütövlükdə regionda dayanıqlı sülhün və eyni zamanda növbəti mərhələdə məhz regional kommunikasiyaların yenidən bərpası üçün xüsusi imkanlar yaradır”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.

Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, həmçinin Zabux və Sus kəndlərini nəzarətə götürməsini tarixi hadisə kimi dəyərləndirən depuatat eyni zamanda Laçının iqtisadi potensialı barədə də önəmli fikirlər səsləndirib. Deputat qeyd edib ki, Laçın şəhəri, həmçinin Laçın rayonu iqtisadi, o cümlədən fərqli sektorlarda potensialın böyüklüyü baxımından diqqəti cəlb edir: “Əvvəla Laçın aqrar baxımdan hər zaman Azərbaycanda fərqlənən rayonlardan olub. Xüsusən heyvandarlığın inkişafı üçün imkanlar kifayət qədər böyükdür. Bu da imkan verir ki, rayonda heyvandarlığın, eləcə də aqrar sektorda emaledici sahələrin inkişafı mümkün olsun”.

Onun sözlərinə görə, Laçın həmçinin turizm və xidmət potensialı baxımından da böyük üstünlüklərə malikdir: “Xüsusən Laçının təbiəti turizmin inkişaf etdirilməsi, daha çox yerli və xarici turistin cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu da təbii ki, rayona həm xidmət sektorunda, həm turizm sahəsində daha çox investisiyanın cəlb edilməsinə imkan verəcək”.

Bildirilib ki, digər bir məsələ sənaye ilə bağlıdır: “Sənayedə Laçın rayonu müqayisəli üstünlüyə malikdir. Çünki kifayət qədər böyük təbii ehtiyatları var. Bu təbii ehtiyatlar imkan verir ki, rayonda daha qısa müddətdə emaledici sənayeni bərpa etmək və bütövlükdə rayonun iqtisadiyyatını formalaşdıraraq növbəti mərhələdə məhz həmin iqtisadiyyatın Azərbaycan iqtisadiyyatına reintiqrasiyası mümkün olsun”.

“Xatırladım ki, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə kifayət qədər geniş və müxtəlif sahələri əhatə edən güzəştlərin edilməsi nəzərdə tutulub. Bu da imkan verəcək ki, Laçın rayonuna daha çox investisiyanın cəlb edilməsi mümkün olsun. Daha çox sərmayənin cəlb edilməsi isə öz növbəsində rayonun iqtisadiyyatının daha qısa zamanda formalaşmasına və inkişafına imkan verəcək. Ümumiyyətlə Laçın rayonunun iqtisadiyyatının inkişaf etdirilməsi həm də Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək”, – deyə V.Bayramov sonda qeyd edib.

Mission News Theme by Compete Themes.