Press "Enter" to skip to content

Biz rus məktəbi nazı çəkirik, Rusiya isə əlifbamızı belə yasaqlayır…

Azər Həsrət

BAYRAQDAR MEDİA – Yazaq. Ta o günə kimi ki, millətin kiçik də olsa bir kəsimini nəhayət ki, aydınlada bilək.

Yenə də mövzu məktəblərdə rus bölməsidir. Yenə də bundan ötrü üsyan edənlər varmış. Hər halda, xəbərlərdə deyilir ki, avqustun 29-da Bakıda bir qrup valideyn uşaqlarını rus sektoruna yazdıra bilmədiyi üçün Azərbaycan dövlətinə üsyan edib!

Azərbaycan dövlətinə! Bəli! Rus dilindən ötrü mənim dövlətimə üsyan edəcək bir zümrə hələ də qalır demək!

Bəs artıq 31-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız müstəqillik bir işə yaramayıb bunlar üçün?

Yaramayıb anlaşılan!

Azərbaycan dövləti gərək olduğundan da yumşaq və ləng tərpənib bu ötən dövrdə. Halbuki 31 il az müddət deyil və bəzi ölkələrə bunun üçdə biri bəs edib ki, rusun dilini-ağzını birdəfəlik bağlasın!

Amma bizdə? Biz hər dəfə öyünmüşük ki, ölkəmizdə 300-dən çox rus məktəbi var! Niyə öyünürük? Siyasi səbəbləri ola bilərmi? Bilər və var! Bununla işimiz yoxdur, dövlətin siyasətinin dərinliklərini bilmək bəzən heç gərək də deyil. Bəs vətəndaşın özünün düşüncəsi, ağlı, zəkası, beyni?

Niyə vətəndaşımız hələ də rus dilinin “dünya dili”, “mədəniyyət dili”, “elm dili” olduğuna özünü inandırıb?

Necə olur ki, buna özünü inandıranların arasında heç Sovet imperiyasını görməyənlər belə var?

Yenə az-çox yaşlılar olsa, deyərik ki, hə də, adamlar o sistemin çocuqlarıdır, bizim kimi özlərini milli yöndən hiss edə bilmirlər, ona görə rusdan yapışıblar. Lakin elə deyil axı. 25-30 yaşlı, heç SSRİ-nin, Rusiya işğalının nə olduğunu düz-əməlli bilməyən bir ana və ya ata necə olur ki, bizi manqurtlaşdırmağa xidmət edən rus dilində təhsil tələb etsin?

Rus bölməsi nədir, nə deyil, sözümüzü dəfələrlə demişik. Yenə də deyirik. Bu dildə 11 illik, özü də dövlət hesabına təhsilin tək bir nəticəsi var və olmağa davam edəcək: o məktəblərdə oxuyan Azərbaycan balaları dövlətdən də, millətdən də iraq düşəcəklər. İllər sonra onlar özlərini bu ölkədə yabançı kimi görəcəklər və əsəbləşib Azərbaycana bir başqa cür “üsyan” edəcəklər. Ona görə də məsələ indidən çözümünə qovuşdurulmalıdır.

Necə?

Çox sadə bir yolla. Rus məktəblərinin dövlət maliyyələşdirilməsi qarşıdakı 3 il ərzində mərhələ-mərhələ dayandırılmalıdır! Niyə Azərbaycan vətəndaşı yabançı bir dildə məktəblərin maliyyələşməsi üçün vergi ödəməlidir? Şəxsən mən bunun qəti əleyhinəyəm.

Əgər kiməsə rus dilində təhsil lazımdırsa, dövlət icazə verər, rus məktəbləri açarlar, orda bu dildə dərs keçərlər. Amma dövlətin – Azərbaycanın pulu hesabına deyil. Özü də bunu kütləvi şəkildə etmək olmaz. Necə ki, ingilis, fransız, hətta qardaş Türkiyə məktəblərinə Azərbaycan dövləti bir qəpik xərcləmir, rus məktəblərinə də heç bir əlavə imtiyaz tanınmamalıdır. Bəsdir daha bu rus məktəbi nazı ilə oynadıq.

Yeri gəlmişkən, artıq bu məktəblər də təbii şəkildə yarpaq kimi tökülüb getməli olacaq. Rəsmi rəqəmlər də səsləndirilib, rus məktəbləri üçün kadr yoxdur! Yəni müəllim yoxdur! Müəllimi olmayan məktəbin də yaşamayacağı mübahisəsiz məsələdir.

Və ən əsası da odur ki, rus məktəbləri Rusiyanın yeni imperialist siyasətinin ömrünü uzatmaqdan başqa heç bir işə xidmət etmir! Özəlliklə də bu dilə ölkəmizdə bu qədər meydan verilməsi Azərbaycanın deyil, Rusiyanın maraqlarına xidmət edir. Nə qədər gec deyil, bunu anlayaq və tədbirlərimizi indidən görək. Yoxsa yeni Əliheydər Qarayevlər, Çingiz İldırımlar, Qəzənfər Musabəyovlar yetişəcək…

Sonda: Maraqlıdır, Rusiyada dövlət hesabına maliyyələşən neçə Azərbaycan məktəbi var? Axı orda ən azı 3 mln Azərbaycanlının yaşadığı deyilir? Bu statistikanı bilənlərdən bizimlə də paylaşmasını rica edərdik…

Lap sonda: Biz öz ölkəmizdə rus bölməsinin nazıyla bu qədər oynamaqdaykən Rusiya öz ərazisində yaşayan Azərbaycanlıların latın əlifbasından istifadəsini belə yasaqlayıb…

Mission News Theme by Compete Themes.