Son yeniləmə: 27 Avqust 2022 14:49
BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi, illər öncə Azərbaycanın Bişkekdəki səfirliyi bu şəhərdə Heydər Əliyev adına məktəbin və Qırğızıstan-Azərbaycan dostluq parkının tikintisi üçün sifariş verib. Bununla bağlı yerli şirkətlərdən biri ilə müqavilə imzalanıb, vədlər verilib, öhdəliklər götürülüb. Lakin sonrakı mərhələdə Azərbaycan tərəfi öhdəliklərə əməl etməkdən boyun qaçırıb. Hər halda, bunu işin icraçısı olan şirkət deyir. Nəticədə şirkət rəhbərliyi həm səfirlə, həm də Azərbaycanın başqa qurumlarıyla problemi həll etməyə çalışıb. Lakin ovaxtkı səfir Hidayət Orucov şirkətin telefon zənglərinə belə cavab verməkdən yayınıb. Qırğızıstan dövlət qurumlarına edilən müraciətlər də nəticə verməyib. Və həm məktəbin, həm də parkın tikintisi hələ də başa çatdırıla bilmir.
Bu məsələ həm də Azərbaycan Prezidentinin uzun müddətdir qardaş ölkəyə planlaşdırılan səfərinin təxirə salınmasına səbəb olur. Yəni haradasa hansısa məmurun, diplomatın öz işinə səhlənkar yanaşması qardaş ölkəylə münasibətlərin inkişafına belə zərbə vurur…
İş bu həddə çatmışkən icraçı şirkətin baş direktoru bugünlərdə Qırğızıstanda səfərdə olmuş Azərbaycanın Baş naziri Əli Əsədova müraciət etmək yolunu seçib. Şirkət ümid etmək istəyir ki, bundan sonra bu məsələ həllini tapacaq. Tapacaqmı? Baxaq, görək, gözləyək. Görək Azərbaycanın adının belə biabır edilməsinə nəhayət ki, son veriləcəkmi?
Beləliklə, “Meadi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru N.Koyçubekovun Baş nazir Ə.Əsədova ünvanlanan müraciətini ixtisarla oxucularımıza təqdim edirik.
İrəli gedərək qeyd edək ki, müraciətin mətnini BAYRAQDAR MEDİA-ya Cəmiyyətin rəsmiləri göndərib.
Müraciətdə ümid ifadə edilir ki, “Meadi” ilə Azərbaycanın Qırğızıstandakı səfirliyi arasında yaranmış vəziyyətin həllində Baş nazir öz köməyini əsirgəməyəcək. Məlumat olaraq bildirilir ki, buna səbəb Azərbaycanın keçmiş səfiri Hidayət Orucovla bağlanmış müqavilə əsasında görülmüş işlərin qarşılığı olaraq 3 mln 30 min ABŞ dollarının ödənməsindən yayınma baş verir.
Daha sonra qeyd edilir ki, Bişkek şəhər rəhbərliyi ilə Azərbaycan səfirliyi arasında şəhərdə H.Əliyev adına dostluq parkının salınması ilə bağlı memorandum imzalanıb və 7 mart 2019-cu ildə bunun üçün torpaq sahəsi ayrılıb.
Ardından da müvafiq planlaşdırma və memarlıq məsələləri həll edilib, səfirliyə təqdim olunub. Lakin səfirlik bunun üçün nəzərdə tutulan maliyyəni ödəməkdən imtina edib.
Layihə dəyəri olaraq park üçün 4 mln, məktəb üçün 3,9 mln ABŞ dolları müəyyən edilib.
Memoranduma uyğun olaraq 24 dekabr 2019-cu ildə parkın, 10 yanvar 2020-ci ildə isə məktəbin tikintisi ilə bağlı “Meadi” ilə Azərbaycan səfirliyi arasında müqavilə imzalanıb.
Məktubda daha sonra qeyd edilir ki, 2020-ci ilin iyun ayında Cəmiyyət səfir H.Orucova nağd ödənişlə işləməkdən imtina etdiyini bildirib. Bunun ardınca da müvafiq mədaxil sənədləri də ləğv edilib və səfirə məlumat verilib.
Məktubda qeyd edilir ki, “Meadi” ümumilikdə 3 mln 730 min ABŞ dolları məbləğində işi yerinə yetirib: məktəblə bağlı işin 40 faizi, parkla bağlı işinsə 70 faizi. Səfirlik isə bütün işlərə görə cəmi 700 min dollar nağd pul ödəyib. Yəni 3 mln 30 min dollar borclu qalıb.
“Sizin və Azərbaycan Baş Prokurorluğunun diqqətini ona cəlb etmək istərdik ki, səfir şəxsən dəfələrlə nağd ödənişlə bağlı müraciət edib, biz də ona uyğun davranmışıq. Çünki onun statusuna və yaşına etibar etmişik. Eyni zamanda o, həmişə həlak olmuş oğluna and içirdi. O, gərəkli sənədləri rəsmiləşdirməyi xahiş edirdi və şifahi şəkildə məbləğin ödənəcəyinə təminat verirdi. Yazılı təminat vəd edilirdi, lakin tam həcmdə deyil. Üstəlik, bu işlərlə səfirlə bərabər onun oğlu da məşğul olurdu”, – deyə məktubda qeyd edilir.
Əlavə olaraq bildirilir ki, görülmüş işlərlə, hər iki müqavilə çərçivəsində ödənişlərlə bağlı akt tərtib edilib, 2020-ci ilin sentyabrında səfirliyə təqdim olunub. Lakin sonrakı mərhələdə dəfələrlə müraciət edilməsinə baxmayaraq səfirlik əlaqədən yayınıb.
“Meadi” məsələylə bağlı Qırğızıstan Baş Prokurorluğuna və Bişkek şəhər rəhbərliyinə, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə də müraciət edib. Azərbaycanın da müvafiq rəsmilərinə məktublar göndərilib. Cavab olaraq Azərbaycanın Baş Prokurorluğu məlumat verib ki, səfirliyin təqdim etdiyi sənədlərə görə, bütün məbləğ ödənilib. Ki, bu da həqiqətə uyğun deyil.
Məktub müəllifi onu da qeyd edir ki, səfir gərəkli məbləği ödəmədiyi üçün “Meadi” işi davam etdirməkdən ötrü kredit alıb. Kredit borcu hazırda 1 mln 300 min ABŞ dolları və 29 mln som məbləğinə çatıb.
Daha sonra qeyd edilir ki, icraçı Cəmiyyətdə dəfələrlə yoxlama aparılıb, hətta Azərbaycandan gələn heyət də bunu edib. Hər dəfə də təsdiqlənib ki, Cəmiyyət iddialarında haqlıdır. Səfir vəzifəsindən azad edilib, lakin hələ də borclar ödənilmir.
Və ən acınacaqlısı: məktubda qeyd edilir ki, yeni səfir də köhnə səfir kimi “Meadi” ilə ünsiyyətdən yayınır, ağlabatan izah vermir. Belə anlaşılır ki, köhnə səfir sənədləri saxtalaşdıraraq elə bir görüntü yaradıb ki, haqqımız çatan ödənişi ala bilmirik.
Sonda Azərbaycanın Baş nazirindən xahiş edilir ki, bu məsələnin həllində yardımını əsirgəməsin…