BAYRAQDAR MEDİA – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyi “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın 4.2.9 və 4.6.1-ci bəndlərinə uyğun olaraq, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 03 sentyabr 2009-cu il tarixli Qərarına istinadən, Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan qanunsuz miqrantların saxlanma mərkəzində monitorinqin və sorğuların keçirilməsi üçün quruma müraciət etmiş və Xidmətin tabeliyində olan Mərkəzdə monitorinq və sorğuların keçirilməsi üçün səfər edilmişdir.
Bu sözlər “Təmiz Dünya”nın avqustun 27-də BAYRAQDAR MEDİA-ya təqdim etdiyi mətbuat üçün açıqlamasındandır.
“Səfərin məqsədi mərkəzdə saxlanılan qanunsuz miqrantların saxlanma şəraiti ilə tanışlıq, eləcə də onların insan alveri qurbanı olma ehtimallarının araşdırılması məqsədi ilə sorğuların keçirilməsi idi”, – deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, “monitorinq qrupuna “Təmiz Dünya”nın sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, DMX Miqrasita siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev və Bakı Qanunsuz Miqrantların saxlanma mərkəzinin rəisi Azər Yusifov daxil idi”.
“DMX tərəfindən monitorinq qrupunun rahat və maneəsiz monitorinqi üçün tam şərait yaradıldı. Mərkəzdə miqrantların saxlanma şəraiti və digər xidmətlərlə bağlı geniş məlumat alındı. O cümlədən, saxlanılanlar arasında insan alverinin ehtimal edilən qurbanlarının müəyyən edilməsinə dair miqrantlarla təkbətək sorğular aparıldı. DMX-nin dəstəyi ilə qrup təkbətək görüşün keçirilməsi üçün tərcüməçi ilə təmin edildi”, – deyə açıqlamada qeyd edilir.
Sonda bildirilir ki, “aparılan monitorinqin nəticələri İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora, DİN-in İnsan alverinə qarşı mübarizə Baş İdarəsinə və DMX-yə təqdim ediləcək”.