Son yeniləmə: 27 Avqust 2022 13:28
BAYRAQDAR MEDİA – Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 min 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 min 124 elektron müraciət operativ şəkildə cavablandırılıb: “Daxil olan müraciətlərdən 1 min 549-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 min 258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 5 min 317-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb. Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir”.