Press "Enter" to skip to content

Koreyalı qonaqlar Xalça Muzeyində olub

Xalça Muzeyini ziyarət zamanı

BAYRAQDAR MEDİA – Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub.

Bu barədə Xalça Muzeyindən bildirilib.

Qeyd edilib ki, muzeydə qonaqlara Azərbaycan xalqının qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib: “Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir”.

Qonaqların diqqətinə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır: “Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir”.

Ziyarət zamanı o da qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur: “Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb”.

Mission News Theme by Compete Themes.