BAYRAQDAR MEDİA – Qarabağa səfəri çərçivəsində İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani mədəniyyət paytaxtımız Şuşa şəhərində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 26-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Qarabağ xanlığının qurucusu Pənahəli xanın xarabalığa çevrilmiş sarayını ziyarət edərkən məyusluğunu gizlətməyən Əmir Əli Sərdari İrəvani öz təəssüratlarını Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı ilə bölüşüb: “Siz Şuşada Pənahəli xanın sarayına baxın! O da İrəvan xanının qohumu idi. Bu saray bizim mədəni irsimizdir və indi bu durumdadır”.
Xan nəslinin varisi onu da qeyd edib ki, Pənahəli xanın sarayının yenidən tikilmək şansı var, lakin bunu İrəvan xanının sarayı barədə demək mümkün deyil: “Sözün bitdiyi yerdir. Görün, onlar bu irslə nə ediblər. Lakin çox ümid edirəm ki, gələcəkdə hər şey Şuşada yenidən əla olacaq və ola bilsin ki, İrəvanda da…”
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüşü zamanı qonağa Şuşada aparılan quruculuq işləri barədə ətraflı məlumat verilib. Azərbaycan diasporunun fəaliyyəti, diaspor nümayəndələrinin Qarabağa, o cümlədən Şuşaya təşkil edilən səfərləri yüksək qiymətləndirilib.
Qonaq təmsil etdiyi nəsil barədə məlumat verib, işğaldan azad edilmiş Qarabağda olmaqdan məmnunluq duyduğunu nəzərə çatdırıb və qonaqpərvərliyə görə xüsusi nümayəndəyə təşəkkürünü bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə mədəniyyət paytaxtımıza səfər edən qonaq
Cıdır düzünü, “Güllələnmiş heykəllər”i, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Gəncə Qapısını və digər görməli yerləri ziyarət edib, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.