Press "Enter" to skip to content

İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur

Tədbirdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Avqustun 26-da Xarici İşlər Nazirliyində Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin üzvləri, elmi dairələrin nümayəndələri, eləcə də digər qonaqlar iştirak edib: “Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb”. Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Qazaxıstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın ortaq tarixi, mədəni dəyərlərindən qaynaqlandığını bildirib: “İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir müavini, həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin mövcudluğunu qeyd edib. X. Xələfov, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, logistika, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın 2005-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”yə əsaslandığını ifadə edib”.

X.Xələfov, həmçinin avqustun 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana baş tutan rəsmi səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb”.

O, Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30 illiyi ərəfəsində Qazaxıstan Prezidentinin Azərbaycana səfər etməsinin əhəmiyyətini xüsusi qeyd edən səfir, sözügedən səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini ifadə edib.

Diplomatik əlaqələrin 30 illiyi münasibətilə bir sıra birgə tədbirlərin həyata keçirildiyini bildirən səfir, bu tədbirlərin təşkilində əməkdaşlığa görə öz təşəkkürünü ifadə edib.

Tədbirdə iştirak edən xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bu xoş gün münasibətilə öz təbrikini ifadə edib, iki ölkə arasında tarixi, mədəni bağlılığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluqla bəhs edib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Mission News Theme by Compete Themes.