Son yeniləmə: 26 Avqust 2022 15:57
Hulusi Kılıç: Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi, bu təşkilatda təmsil olunan ölkələr arasında inteqrasiyanın dərinləşməsi üçün davamlı addımlar atır
BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət öz bəhrəsini verir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.
Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana rəsmi səfərini dəyərləndirən H.Kılıç bildirib: “Mən bu məqamda cənab İlham Əliyevin “iqtisadi gücü olmayan dövlətlərin siyasi və hərbi gücü olmaz” fikrini xatırlatmaq istəyirəm. Azərbaycanın artıq yetərincə iqtisadi gücü, iqtisadi imkanları var. Eyni zamanda siyasi və hərbi gücü də hər keçən gün daha da artmaqdadır. Onu da deyim ki, güclənən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə türk dünyasında da öz sözünü deyir. Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi, bu təşkilatda təmsil olunan ölkələr arasında inteqrasiyanın dərinləşməsi üçün davamlı addımlar atır”.
Keçmiş səfir deyib ki, biz bunu Azərbaycanın Türkiyə, o cümlədən Orta Asiyanın türk dövlətləri ilə əlaqələrinin daha da dərinləşməsində də görürürk: “Məlum olduğu kimi cənab İlham Əliyev 2 ay öncə Özbəkistana səfər etdi. Bu tarixi ziyarət zamanı səslənən fikirlər, həmçinin imzalanan sənədlər Özbəkistan-Azərbaycan qardaşlığı fonunda türk dünyasında yeni tərəqqinin və əməkdaşlığın əsasını qoydu. Biz eyni müsbət fikirləri Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin avqustun 24-də Azərbaycana etdiyi bir günlük rəsmi səfər haqqında da deyə bilərik”.
Qeyd olunub ki, bu sadalananlar Azərbaycanın həm qardaş türk respublikaları ilə əlaqələrinin güclənməsinə, həm də regional və qlobal düzəndə yerinin daha da möhkəmlənməsinə səbəb olur:“Türk dövlətləri arasındakı əlaqələrin möhkəmlənməsi Türk Dövlətləri Təşkilatını da gücləndirəcək. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hazırki yüksək səviyyəsi digər türk dövlətləri üçün də bir nümunədir. Yəni ikitərəfli əməkdaşlıqların güclü olması son nəticədə Türk Dövlətləri Təşkilatınını daha da gücləndirir. Bu da ümumilikdə türk dünyası üçün çox önəmlidir. Yolumuz açıq və parlaqdır. Nə mütlu türküm deyənə. Tanrı türkü qorusun!”