Son yeniləmə: 26 Avqust 2022 15:57
Aqil Camal: Əbülfəzl Zöhrəvənd kimi digər İran diplomatları da Azərbaycana düşmən münasibət bəsləyirlər
BAYRAQDAR MEDİA – “İranın Əfqanıstanda və İtaliyada səfiri olmuş, Tehranın həyata keçirdiyi nüvə proqramı ilə bağlı Qərblə aparılan danışıqlarda İran nümayəndə heyətində təmsil olunmuş Əbülfəzl Zöhrəvəndin məlum sərsəm açıqlamaları mənə bir zamanlar İranın xarici işlər naziri olmuş Əli Əkbər Vilayətinin Azərbaycana bağlı bəyanatını xatırlatdı. Sovetlərin dağılması dövründə 1991-ci ilin əvvəlində Vilayəti Moskvaya səfər edir. O, SSRİ rəhbərləri ilə görüşlərdə sovetlərdəki milli azadlıq hərəkatlarını, müstəqil dövlətlərin yaranması prosesini müzakirə edir. Təmsil etdiyi rəsmi Tehranın konkret, Azərbaycanla bağlı mövqeyini SSRİ rəhbərliyinə çatdırır: “Azərbaycan heç cür müstəqil olmalı deyil. Ya, İrana birləşdirilməli, ya da, Rusiyaya birləşdirilib onun bir subyektinə çevrilməlidir”. Yəni, məsələn, Dağıstan kimi… Bu iyrənc fikirlərini Vilayəti sonradan rus mətbuatına müsahibəsində də ifadə etmişdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Türküstan” Media Qrupunun rəhbəri, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, bu, İran diplomatiyasının Azərbaycanla bağlı tipik yanaşmasıdır: “Əbülfəzl Zöhrəvənd kimi digər İran diplomatları da, Azərbaycana düşmən münasibət bəsləyirlər. Bəlkə də, fəaliyyətdə olanlar öz xislətlərini hər zaman ifadə edə bilmirlər. Dövlətlərarası münasibətləri, diplomatik qaydaları nəzərə alaraq. Amma, istefaya çıxdıqdan sonra içlərində bəslədikləri kini-küdurəti üzə çıxır, daşıdıqları irini ifraz edirlər. Bu baxımdan, Ə.Zöhrəvəndin məlum sərsəmləmələri təəccüblü deyil, gözləniləndi. Çünki, bu, ilk hal deyil”.
A.Camal deyib ki, amma, başabəla “diplomat”ın unutduğu mətləblər var: “Azərbaycan onun düşündüyü “arxa bağça” ölkəsi deyil, regionun ən güçlü, dünyanın nüfuzlu ölkəsidir. Bu gün İranda 40 milyon azərbaycanlı vətəndaşı olduğu ölkə ilə deyil, varlığı ilə fəxr etdikləri Azərbaycan Cümhuriyyəti ilə qürur duyurlar. Güney Azərbaycan bu gün türk dünyasında milli düşüncənin ən çox yayğınlaşdığı bir məkandır. Və düçüncə, bu proses genişlənməkdədir. Bunu, İranın fəaliyyətdə olan və olmayan diplomatları ağır da olsa, etiraf etməlidirlər”.