Son yeniləmə: 27 Avqust 2022 10:50
Yeganə Hacıyeva: Ermənistanın nəyin bahasına olursa-olsun, Minsk Qrupunu yenidən prosesə cəlb etmək təşəbbüslərinin sifarişçisi aydın olur
BAYRAQDAR MEDİA – “Münaqişənin nizamlanmasının ilk illərində Azərbaycan dövləti və cəmiyyəti olaraq ATƏT-in Minsk Qrupundan gözləntilərimiz var idi. Biz yeni müstəqil dövlət olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nizamlanma prosesində uğurlu ola biləcəyini ehtimal edir və münaqişənin nizamlanmasına başlandığı ilkin illərdə bunu müsbət dəyərləndirirdik. Çünki həmsədr ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç ölkə idi”.
Bunu ABŞ dövlət katibi Entoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə yeni təyin olunmuş Filip Rikerin ATƏT-in Minsk Qrupu ilə bağlı mətbuata verdiyi bəyanatlarına münasibət bildirən politoloq Yeganə Hacıyeva deyib.
Təəssüf ki, bu gözləntimiz özünü doğrultmadı
Onun sözlərinə görə, Azərbaycanın bu gözləntisi təsadüfi deyildi: “Çünki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri kimi keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 4 qətnamənin tərtib olunmasında iştirak etmiş və ona səs vermişdi. Amma təəssüf ki, bu gözləntimiz özünü doğrultmadı. Əvəzində isə Minsk Qrupunun təkcə bizimlə deyil, ATƏT coğrafiyasında bütövlükdə BMT TŞ-nin qətnamələrinin icra edilməsinə yetərincə səy göstərməməsi, bəzən isə açıq-aydın bu qərarların əksinə atdığı addımlarla təhlükəsizlik səylərinin sabotaj edilməsi ilə üz-üzə qaldıq”.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq qeyd edib ki, ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi ilə, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü özünü proseslərdən kənarlaşdırdı: “ATƏT-in Minsk formatı ilkin olaraq ATƏT coğrafiyasında münaqişələrin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulmuşdu. Bu mexanizm isə heç bir münaqişənin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. Nəticədə də 28 ildən sonra Azərbaycan məcbur qalaraq BMT TŞ-nin qətnamələrini özü icra edib 44 gün ərzində torpaqlarını işğaldan azad etdi”.
Müharibədən sonra üzə çıxanlar…
Y.Hacıyeva bildirib ki, müharibədən sonra üzə çıxanlar ATƏT-in Minsk Qrupunun onsuz da cüzi olan nüfuzunu daha da heçə endirdi: “Torpaqlar azad ediləndən sonra aydın oldu ki, Minsk Qrupunun gözü önündə bu illər ərzində ermənilər tərəfindən Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terror həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən Minsk Qrupu bu cinayətləri görməzlikdən gəlib. Belə olan təqdirdə bu qurumun müharibədən sonra heç olmasa özünü buraxacağını ehtimal etmək olardı. Lakin biz bunun əksini görürük. Minsk Qrupunun fəaliyyətinin faktiki olaraq dayandırıldığı bir vaxtda ABŞ-dan olan həmsədr dəyişdirildi. Bununla da bir neçə ay bundan öncə Ermənistanın nəyin bahasına olursa-olsun, Minsk Qrupunu yenidən prosesə cəlb etmək təşəbbüslərinin sifarişçisi aydın olur”.
ABŞ bu mövzunu yenidən aktivləşdirmək istəyir
Müsahibimiz bunu yersiz cəhd kimi dəyərləndirib: “ABŞ-ın Cənubi Qafqazda regional münaqişələrin həllində birbaşa təsir mexanizmi olmayıb. Daha doğrusu, ABŞ Qarabağ münaqişəsinin həllində uzun müddət Minsk Qrupunun həmsədr ölkəsi kimi səy göstərib. Amma İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni formatda birbaşa iştirakçı deyil. Belə vasitə əlindən çıxdığı üçün ABŞ bu mövzunu yenidən aktivləşmək istəyir. Lakin bu cəhdlər əbəs, ən əsası faydasızdır”.
“Onu da deyim ki, uğursuz Minsk Qrupunu “reanimasiya etmək” Ermənistanla kuluarlarda Qarabağa “sülhməramlı” missiya həyata keçirmək və ya “nəzarət mexanizmi” formalaşdıra bilmək kimi absurd müzakirələr haqqında məlumatlarla müşayiət olunur. Paralel olaraq Azərbaycanda özünü “ABŞ-ın yaxın tərəfdaşları” kimi təqdim edən şəbəkə və onların fəalları dövlət qurumlarına qarşı açıq təxribatlar təşkil edir. ABŞ səfirliyinin ani reaksiyalar verməsi ilə bu proseslərin koordinasiyalı getməsi, Azərbaycan hökumətinə qarşı bu mövzuda təzyiq elementləri kimi istifadəyə cəhd edilməsi haqqında təəssüratları möhkəmləndirir”, – deyə o, sonda əlavə edib.