BAYRAQDAR MEDİA – Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 30-dək davam edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün bu internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər: “Avqustun 26-sə saat 09:20-dək olan məlumata görə, 78 namizəd (Azərbaycan bölməsi – 56, rus bölməsi 22) ərizəsini təsdiq edib. İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar”.
Qeyd edilib ki, müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir: “Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib. Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2021-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları təqdim olunub”.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən almaq və ya bu saytdan sifariş etmək olar”.